Aparıcı Zaur Baxşəliyev toy mərasimləri ilə bağlı səsləndirdiyi fikirlərlə gündəmə gəlib.
Gündəm24.az-ın məlumatına görə, o, bildirib ki, Azərbaycanda toy hazırlıqları həddindən artıq böyüdülür və iki gəncin ailə qurması bəzən bütöv bir nəslin üzərinə əlavə yükə çevrilir. Aparıcının sözlərinə görə, toy prosesi zamanı yalnız gəlin və bəy deyil, hər iki ailənin bütün qohumları müxtəlif qayğılarla məşğul olur.
Zaur Baxşəliyev hesab edir ki, ən doğru seçim cütlüyün sadə şəkildə nikah bağlayaraq ailə həyatına başlamasıdır. Onun fikrincə, dəbdəbəli toy mərasimləri əvəzinə həmin vəsaiti daha faydalı məqsədlərə sərf etmək olar.
Aparıcı həmçinin etiraf edib ki, indiki təcrübəsi olsaydı, həyat yoldaşı Günayla da toy etməzdi. O bildirib ki, restorana xərclənən böyük məbləğdə pul əvəzinə xaricə səyahət edib nikah bağlamağı daha məqsədəuyğun hesab edir:
“Bizdə gənclərin evlənməyi ilə bütün nəsil məşğul olur. Bir evlilik iki nəslin böyük probleminə çevrilir. Hələ evdə paltar ala bilməyib qırğın salanlar olur ki, filankəsin toyudur, mən ora nə geyinim. İki nəfəri qoş bir-birinə, de get harada nikah kəsdir, yaşa, kef elə. Toyda da bilmirsən ki, bəylə gəlinin dərdini çəkəsən, yoxsa gələnlərin. Yeyənlər, içənlər… Hələ içib ağzı əyilib küsüb gedənlər olur: Nə toy idi, oturmağa yer tapmadıq, yemək olmadı, kabab soyuq idi. Ağlım olsaydı, heç Günayla toy etməzdim. Restorana o qədər pul verməkdənsə, bilet alıb uçarsan xaricə, orada evlənərsən”.
Qeyd edək ki, Zaur Baxşəliyev və həyat yoldaşı Günayın iki övladı var.













