Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kallas bildirib ki, son bir həftə ərzində ABŞ ilə münasibətlər ciddi şəkildə zədələnib. Kallasın sözləri Qrenlandiyadakı gərginlikdən sonra Brüsseldə keçirilən təcili Aİ sammiti zamanı səslənib.
Gündəm24.az xəbər verir ki, bunu Brüsseldə çıxış edən Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaja Kallas Avropa ilə ABŞ arasında münasibətlərdə artan qeyri-müəyyənliyə diqqət çəkib. Onun sözlərinə görə, transatlantik əlaqələrdə vəziyyət çox dəyişkəndir: “Bir gün hər şey bir istiqamətdə gedir, ertəsi gün isə tamamilə dəyişə bilər”. Kallas bildirib ki, son həftə ərzində Avropa-ABŞ münasibətləri ciddi zərbə alıb, lakin buna baxmayaraq, Avropa liderləri 80 illik tərəfdaşlığı pozmaq niyyətində deyillər.
Qeyd olunur ki, ABŞ prezidenti Donald Trampın Qrenlandiya məsələsində Vaşinqtonun mövqeyinə qarşı çıxan səkkiz Avropa ölkəsinə 10 faizlik tarif tətbiq edəcəyini elan etməsindən sonra təcili sammit çağırılıb. Tramp daha sonra tariflərdən imtina etdiyini və danışıqlara açıq olduğunu bildirsə də, Aİ rəsmiləri sammitin keçirilməsini zəruri sayıb. Səbəb kimi “gözlənilməz” ABŞ prezidenti fonunda transatlantik münasibətlərin ümumi durumunun müzakirə olunmasına ehtiyac göstərilib.
Fransa prezidenti Emmanuel Makron da mövzuya münasibət bildirərək Avropanın yeni təhdidlər qarşısında son dərəcə ayıq-sayıq olmalı olduğunu vurğulayıb. O qeyd edib ki, lazım gələrsə, Avropa öz sərəncamında olan bütün vasitələrdən istifadə etməyə hazır olmalıdır.
Bu proses fonunda Aİ ilə ABŞ arasında ticarət razılaşması da yenidən gündəmə gəlib. Avropa Parlamenti Trampın tarif təhdidini geri götürməsindən sonra Aİ-ABŞ ticarət sazişinin ratifikasiya prosesinə yenidən baxmağa hazır olduğunu açıqlayıb. Xatırladaq ki, Parlament daha əvvəl ABŞ-a qarşı sərt addım olaraq bu müqavilənin ratifikasiyasını dayandırmışdı.
Sədaqət Həsənova














