ABŞ Prezidenti Donald Tramp İranla bağlı diqqətçəkən açıqlama verib. O, “CBC News” televiziyasına müsahibəsində İranın hərbi gücünün tükənmək üzrə olduğunu bildirib və münaqişənin böyük ölçüdə başa çatdığını iddia edib.
Trampın sözlərinə görə, ABŞ İranda planlaşdırılandan daha tez nəticə əldə edib. Lakin İran tərəfi isə bu gün tammiqyaslı müharibəyə başladığını elan edib. Bu ziddiyyətli açıqlamalar müharibə ilə bağlı qeyri-müəyyənliyi artırır.
Maraqlıdır, Vaşinqtonun münaqişənin bitdiyini deməsi diplomatik strategiyadır, yoxsa real vəziyyətə dair qiymətləndirmə? Belə olduğu halda, İranın tammiqyaslı müharibə elan etməsi nə ilə izah olunur?
Məsələ ilə bağlı politoloq Taleh Əliyev Sfera.az-a açıqlama verib. Ekspert istər ABŞ prezidenti Trampın, istərsə də İran tərəfinin açıqlamalarının reallıqdan daha çox psixoloji savaş elementi olduğunu vurğulayıb:

“Təbii ki, ABŞ-nin müharibə ilə bağlı ilkin planı 4 həftədən ibarət idi, sonrakı açıqlamalar, hətta Pentaqona yaxın mənbələrin müharibənin daha yüz gün uzana bilməsi ilə bağlı verdiyi açıqlamalar onu göstərir ki, İranın hərbi gücü heç də əhəmiyyətli dərəcədə zəiflədilməyib. Amma bununla belə, şübhəsiz ki, İran müharibənin gedişində artıq 10-cu günü tamam olan bu qarşıdurmada, xüsusilə raket bazaları, silah anbarları, hava hücumundan müdafiə sistemləri və hərbi aerodromlar baxımından böyük ölçüdə ya sıradan çıxarılıb, ya da əhəmiyyətli dərəcədə zədələnib. Bununla belə, İranın müqaviməti kifayət qədər ciddi formada davam edir”.
Politoloq İran tərəfinin hazırda tammiqyaslı müharibə aparmadığını qeyd edib:
“Reallıqda isə biz müharibənin ilk günləri ilə müqayisədə İranın həm raket atışlarının, həm də dron hücumlarının sayının azaldığını görürük. Bu, heç də ehtiyatların tükənməsi demək deyil. Bu, böyük ehtimalla yeni raket istehsalı prosesinin dayanması və xaricdən ölkəyə bu istiqamətdə raket və ya dron məhsullarının gətirilməsinin, müharibəni davam etdirmək üçün cəlb edilməsinin çətinləşdiyini, mürəkkəbləşdiyini göstərən bir reallıqdır. İran tərəfinin bundan sonra altı aylıq müharibə apara biləcəklərini deməsi də, mən düşünürəm ki, yenə psixoloji savaş elementidir. İranın bu gün “tammiqyaslı müharibə aparırıq” deməsini isə praktikada görmürük.
Çünki tammiqyaslı müharibə o deməkdir ki, İranın indiyə qədər həyata keçirdiyi həm raket hücumlarının, həm də dron hücumlarının əhəmiyyətli dərəcədə artmasını müşahidə etməliyik. Hələlik isə bu saatlara qədər müharibənin miqyasının genişləndirildiyini göstərən faktlar ortada yoxdur. Ona görə də mən düşünürəm ki, hər iki tərəfin verdiyi açıqlamalar daha çox psixoloji savaşın davam etdirilməsinə hesablanıb. Qarşı tərəf üzərində mənəvi-psixoloji üstünlüyü təmin etmək məqsədi daşıyır və real vəziyyəti tam əks etdirmir”.














