Pentaqon İrandakı yeraltı hərbi obyektlərə zərbələr endirərkən bunker əleyhinə xüsusi sursatların tətbiqinə məhdudiyyət qoymağa məcbur olub. “New York Times” (NYT) qəzetinin ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, bu qərar Çin və Şimali Koreya ilə mümkün gələcək münaqişələr üçün strateji silah ehtiyatlarını qorumaq məqsədilə verilib.
NOCOMMENT.az xəbər verir ki, qəzetin məqaləsində ABŞ hərbi planlaşdırıcılarının Tehranın yeraltı obyektlərini tamamilə məhv etmək əvəzinə, onların giriş-çıxış yollarını bloklamaq taktikasına üstünlük verdiyi bildirilir. Buna səbəb xüsusi təyinatlı sığınacaq dağıdan bombaların (bunker buster) ehtiyatlarının məhdud olmasıdır.
Məlumatlara görə, ABŞ ordusu münaqişə zamanı artıq böyük miqdarda yüksək dəqiqlikli raketlər, o cümlədən 1000-dən çox “Tomahawk” və 1300-dən çox “Patriot” raketindən istifadə edib ki, bu da son iki ilin istehsal həcmindən çoxdur. Pentaqon Çin və ya Şimali Koreya kimi daha böyük rəqiblərlə qarşıdurma ehtimalını nəzərə alaraq, ən güclü bunker əleyhinə bombalarını qorumağa çalışır. NYT qeyd edir ki, bu “qənaət” taktikası İranın öz yeraltı infrastrukturunu və raket potensialını qısa müddətdə bərpa etməsinə şərait yaradıb. Belə ki, kəşfiyyat məlumatlarına görə, İran artıq yeraltı raket bazalarının 90%-nə operativ girişi bərpa edə bilib.














