“Tərəflər arasında Anlaşma Memorandumunun imzalanmasına, diplomatik təmasların və texniki danışıqların nəzərdə tutulmasına baxmayaraq, hərbi insidentlərin davam etməsi göstərir ki, Vaşinqton və Tehran paralel olaraq həm diplomatiya, həm də təzyiq strategiyasından istifadə edirlər. Bu, əslində, 40 günlük müharibədən sonra müşahidə olunan ‘idarə olunan qarşıdurma’ modelinin davamı kimi qiymətləndirilə bilər”.
Bu fikirləri Redaktor.az-a İran və ABŞ münasibətlərindən danışan politoloq Yusif Bağırzadə bildirdi. O vurğuladı ki, Anlaşma Memorandumu hələ sülh sazişi demək deyil və tərəflər üçün elə də böyük hüquqi məsuliyyət yaratmır:
“Başqa sözlə, nə qədər ki, yekun razılaşma əldə olunmayıb və sülh sazişi imzalanmayıb, bu cür insidentlər davam edəcək. Lakin tərəflər arasında etimadın son dərəcə aşağı səviyyədə olması səbəbindən istənilən hərbi insident danışıqlar prosesinə birbaşa təsir göstərir. Hörmüz boğazında baş verən qarşılıqlı zərbələrdən sonra İranın iyunun 28-nə planlaşdırılan texniki danışıqları təxirə salması da məhz bu etimad böhranının nəticəsi kimi dəyərləndirilə bilər.
Hörmüz boğazı dünya enerji təhlükəsizliyinin ən həssas nöqtələrindən biridir. Qlobal neft tədarükünün əhəmiyyətli hissəsi bu marşrut vasitəsilə həyata keçirilir. Buna görə də burada baş verən istənilən insident yalnız İran və ABŞ münasibətlərinə deyil, beynəlxalq enerji bazarlarına, daşımaların təhlükəsizliyinə və dünya iqtisadiyyatına da təsir göstərmək potensialına malikdir. Bu səbəbdən həm regional, həm də qlobal aktorlar vəziyyətin nəzarətdən çıxmamasında maraqlıdırlar”.
Onun fikrincə, bununla yanaşı, hazırkı vəziyyət tərəflərin genişmiqyaslı müharibəyə hazırlaşdığı anlamına gəlmir:
“Həm ABŞ, həm də İran indiki şəraitdə yeni genişmiqyaslı hərbi əməliyyatların siyasi, iqtisadi və hərbi nəticələrinin son dərəcə ağır olacağını anlayır. Buna görə də hər iki tərəf bir-birinə təzyiq göstərsə də, tammiqyaslı müharibə həddini keçməməyə çalışır.
Düşünürəm ki, yaxın perspektivdə İran və ABŞ arasında münasibətlərdə həm qarşıdurma, həm də dialoq elementləri paralel şəkildə müşahidə olunacaq. Ümumiyyətlə isə altmış günlük danışıqlar dövrünün uzanması, hətta bu danışıqların ABŞ-də Konqres seçkilərinədək davam etməsi ehtimalı da var. Əgər seçkilərdən sonra da hər hansı razılaşma əldə olunmasa, yalnız o zaman hərbi qarşıdurmanın intensivləşəcəyini proqnozlaşdırmaq olar”.













