Xarici işlər naziri Hakan Fidan Suriyadakı son hadisələrlə bağlı İsrailə toxunaraq dedi: “SDF bu məqamda öz rolunu oynamalıdır. Təəssüf ki, bunun əvəzinə İsraillə koordinasiyalı şəkildə “parçala, hökmranlıq et və ye” strategiyasında aktyora çevrilməsi təsadüf deyil.”
Gündəm24.az xəbər verir ki, Xarici işlər naziri Hakan Fidan Ankarada səfərdə olan Oman xarici işlər naziri Seyid Bədr Həməd Əl Busaidi ilə görüşərək ikitərəfli danışıqlardan sonra birgə mətbuat konfransı keçirib. Fidan bildirib ki, Hələbdə mülki əhaliyə qarşı hücumlar SDF-nin əsl niyyətlərini ortaya qoyub və terrorizm, separatizmə son verməlidirlər. O vurğulayıb ki, Türkiyənin əsas məqsədi bölgədə sabitlik və sülhün təmin olunmasıdır, lakin İsrailin ekspansionist siyasəti bu vizyona ziddir.
Nazir İsrailin “parçala və hökmranlıq et” strategiyasının bölgədə uğursuz olduğunu, SDF-in isə ABŞ və İsraillə koordinasiyalı şəkildə aktiv rol aldığını bildirib. Fidan qeyd edib ki, Suriyada baş verən hadisələr Türkiyənin milli təhlükəsizliyi üçün kritikdir və Suriya hökumətinin terrorizmə qarşı imkanları inkişaf edir.
Fidan SDF-in inteqrasiyaya diqqət yetirmədiyini, güzəştə getmədən hər yerdə qalma yanaşmasının heç kimə fayda vermədiyini vurğulayıb və milli birliyin vacibliyini qeyd edib. O əlavə edib ki, Yəmən və Somaliland hadisələrinə də eyni prizma ilə yanaşırlar və Somalilandla bağlı qərarlar yalnız somalililərin öz qərarına bağlıdır.
Nazir həmçinin İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclasının Ciddədə keçiriləcəyini açıqlayıb, bunun bölgədəki mövcud vəziyyəti və sabitliyi müzakirə etmək məqsədi daşıdığı bildirilib.
Sədaqət Həsənova














