Prezident İlham Əliyevin təsdiqlədiyi 2026–2030-cu illər üzrə Dövlət Proqramına əsasən, aqrar təhsilin inkişafı məqsədilə ikili diplom proqramları genişləndiriləcək və xarici universitetlə birgə universitet yaradılacaq.
Yaradılacaq univerisitetin əhəmiyyəti haqqında Redaktor.az-a danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirdi ki, İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışı və Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsulları istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı aqrar sektorun inkişafı istiqamətində qarşıya çox böyük və məsul vəzifələr qoyur:
.jpg)
“Həmin vəzifələrin yerinə yetirilməsi, əlbəttə ki, ölkə iqtisadiyyatının inkişafına, əhalinin kənd yerlərində məskunlaşmasına, məhsul bolluğunun yaradılmasına, ərzaq təhlükəsizliyinin təmin edilməsinə və ilk növbədə insanların maddi rifahının yaxşılaşdırılmasına hesablanıb. Sözsüz ki, bütün sahələrdə elmin və yeni texnologiyaların tətbiqi nailiyyətlərə gedən yolları açır. Elmi əsaslandırmalar isə bilavasitə yüksək məhsuldarlığın, inkişafın və cəmiyyət həyatının aparıcı xəttini təşkil edir. Ölkədə kənd təsərrüfatının, balıqçılıq və akvakultura məhsulları istehsalının və emalının elmi əsaslara söykənməsi, əlbəttə ki, gələcək üçün çox yaxşı perspektivlər vəd edir. Çünki bu sahələr həm ərzaq təhlükəsizliyinin təmin olunması, həm əhalinin pul gəlirlərinin artırılması baxımından olduqca vacibdir. Belə bir universitetin yaradılmasının nəzərdə tutulması da, sözsüz ki, bu sahələrin gələcək inkişafına xidmət edir. Çünki istehsalın və emalın elmi əsaslar üzərində inkişafı məhsuldarlığın yüksəldilməsi və ixrac potensialının artırılması baxımından əhəmiyyətlidir. Belə bir universitet yaradılarsa, orada istehsal və emal sahələrinin elmi əsaslara söykənərək inkişafına dair məsələlərin öyrənilməsi zərurətə çevriləcək. Bu da gələcək inkişaf baxımından öz müsbət nəticələrini verəcək. Çünki prezident öz çıxışında bildirib ki, biz bu gün kənd təsərrüfatının idarə edilməsində müasir texnologiyalara və elmi əsaslara önəm verməliyik”.
Deputat hesab edir ki, bütün sahələrdə elmi nailiyyətlər mütləq öz nəticəsini göstərməlidir:
“Bu gün emalın və istehsalın elmi əsaslara daha çox söykənməsi bir çox problemlərin aradan qaldırılmasına kömək edə bilər. Çünki ən sirli qapılar belə elmin, təfəkkürün və təcrübənin gücü ilə açılır. Elmi əsasların istehsala tətbiqi isə tərəqqinin və inkişafın daha da sürətlənməsi deməkdir. Burada təhsil alacaq tələbələr də məhz kənd təsərrüfatını, balıqçılığı və akvakulturanı elmi yollarla inkişaf etdirməyin üsul və metodlarını öyrənəcək, gələcək fəaliyyətlərində bunları əsas götürəcəklər. Bu, çox mütərəqqi bir təklif və mühüm bir təşəbbüsdür. Hesab edirəm ki, belə bir universitetin yaradılmasının mahiyyətində bilavasitə ölkənin kənd təsərrüfatının inkişafı dayanır”.












