1920-ci ildə Azərbaycan Cümhuriyyətinin işğalından sonra Müsavat Firqəsinə mənsub olan bir qrup gənc gizli təşkilat quraraq rus istilasına qarşı mübarizələrinə davam etdilər. Gənc mühərrirlərdən Mirzəbala Məhəmmədzadənin öndərliyində başlayan bu hərəkat onun mühacirətə getdiyi dövrə qədər aktiv şəkildə davam etdi, sonrakı illərdəki yeraltı fəaliyyətlərə öncüllük etmiş oldu. Çar Rusiyası dövründən etibarən gənclər təşkilatlarında təmsil olunan, bir sıra qəzetlərdə məqalələr yazan, cümhuriyyət parlamentində steneoqraf işləyən Mirzəbala bəy həmçinin “Azərbaycan” qəzetinin yazarlarından idi və Məhəmmədəmin Rəsulzadənin diqqətini hələ o zamandan etibarən çəkmişdi. Nəticədə mühacirətdə Məhəmmədəmin bəyin ən yaxın silahdaşı olmuş, yüzlərlə məqaləyə imza atmış, bir neçə kitab qələmə almışdı.
Məhəmmədzadə Bakıda olarkən “Azərbaycan türk mətbuatı” adlı kitab yazaraq “Əkinçi”dən “Azərbaycan”a qədər olan dövrü xronoloji olaraq göstərmiş, mühacirətdə isə 1923-1953-cü illərdə işıq üzü görmüş qürbət mətbuatının tarixini oxuculara çatdırmışdı. Onun mətbu fəaliyyətinin ən qiymətli bir mərhələsi isə gizli Müsavatın mətbu orqanı olan, bu günə qədər haqqında yazılsa da, heç bir nüsxəsi aşkarlanmayan “İstiqlal” qəzetidir.
Gizli Müsavatın yaranması
Mirzəbala Məhəmmədzadənin həmkarı Əbdülvahab Məhəmmədzadə onun haqqında yazdığı məqaləsində işğaldan sonra aldıqları mühüm qərar haqqında məlumat verib. O, 1920-ci ilin 27 aprel gününün axşamında Mirzəbala bəylə birlikdə Rəsulzadənin evinə getdiklərini bildirib: “Vəziyyəti ətraflı şəkildə müzakirə etdikdən sonra Əmin bəyin tövsiyəsilə Müsavat Firqəsinin gizli ümumi mərkəzini qurmağa və istiqlalımızın bərpası üçün təkmil milli qüvvətləri səfərbər etməyə qərar vermişdik. Olduqca həzin bir tərzdə Əmin bəydən ayrıldıqdan sonra Məhəmmədsadıq Xülusi ilə Məhəmmədhəsən Baharlını yanımızda götürərək Cəfər Cabbarlının şəhər xaricindəki evinə gedib beş nəfərdən ibarət ümumi mərkəzi qurduq”.
Ümumi mərkəzin ilk qərarlarından biri Müsavatın qurucularının ölkə xaricinə çıxarılması idi. Ə. Məhəmmədzadə xatirəsində bu barədə yazırdı: “… Mərhum Məhəmmədəmin Rəsulzadə şəhəri və məmləkəti tərk etmək niyyətində deyildi. Halbuki istilanın hələ ilk günündən etibarən 11-ci ordunun “Osobıy otdel”i – xüsusi təqib qolu şəhərin hər tərəfində ümumi həbslərə başlamışdı. Keçmiş vəkillər, valilər, məbuslar, zabitlər, partiya və polis nəfərləri bir-bir tutularaq həbsxanaya göndərilirdi… Bu vəziyyətdə Əmin bəyin və digər partiya və hökumət rəsmilərinin şəhərdə sərbəst şəkildə dolaşmaları milli mübarizəmiz üçün olduqca təhlükəli idi. Müsavat Firqəsinin Ümumi Mərkəzi bu halı düşünərək mümtaz şəxsiyyətlərimizin qorunması və lazım gələrsə məmləkət xaricinə qaçırılması üçün xüsusi qruplar yaratmışdı. Bu qruplardan biri Əmin bəylə birlikdə mərhum Abbas Kazımzadəni Gürcüstana göndərmək üçün yola salmışdılar. Fəqət sonralar düşmən ünsürlərin xəbərçiliyi nəticəsində hər iki dost Lahıc dağlarında tutularaq təkrar Bakıya gətirilmişdi”.
Əbdülvahab bəyin yazdığına görə ümumi mərkəz keşləli Yusif İbrahimlinin nəzarətində Baş nazir Nəsib bəy Yusifbəylini Gürcüstana yola çıxarsa da, onlar bir qrup əşqiyanın basqınına məruz qalmış, hər iki şəxs şəhid olmuşdu: “Digər qruplarımız bir çox Azərbaycan zəvatını Gürcüstana qaçırmağa müvəffəq olmuşdu. Fətəli xan Xoylu, Dr. Həsən Ağaoğlu, Xəlil Xasməhəmmədli və sairə bu qəbildəndi”.
Ümumi mərkəz qısa zamanda ölkənin hər tərəfində təşkilatlanmağa başlamış, bütün qəza mərkəzlərində məhəlli komitələr qurulmuş, kənd və sənaye bölgələrində isə müxtəlif heyətlər yaradılmışdı. İş bölgüsünə əsasən ümumi mərkəzin rəyasətinə Mirzəbala bəy gətirilmişdi. Sədr müavini və Bakı komitəsinin sədri Əbdülvahab Məhəmmədzadə idi. Bütün qəza təşkilatlarının ümumi rəhbərliyi Məhəmmədsadıq Xülusiyə tapşırılmışdı. Firqənin ümumi katibi Cəfər Cabbarlı idi, maliyyə işlərinə Məhəmmədhəsən Baharlı baxırdı. Hər qəzada partiyanın etimadlı şəxsləri vardı. Tələbələr və şagirdlər, eləcə də istiqlalın yenidən qazanılmasını arzu edənlər bu və ya digər şəkildə ümumi mərkəzin sıralarına qatılırdılar. Təşkilatın xarici işlərindən də Mirzəbala Məhəmmədzadə məsul idi. Bu yolda o, bir-iki dəfə Tiflisə getmiş, gizli şəkildə gürcü sosial-demokratlarla görüşmüşdü.
Gizli mətbəə və bəyannamələr
Ümumi mərkəz düşüncələrini və rus işğalı əleyhinə olan bəyannamələrini gizli mətbəədə çap edərək tərəfdarları arasında yayırdı. Bu işdə də ən aktiv rol Mirzəbala bəyə məxsusdu. Əbdülvahab Məhəmmədzadə həmin günlərdəki mətbu fəaliyyəti bu şəkildə xatırlayırdı: “Müsavat Firqəsi Ümumi Mərkəzinin məmləkət daxilində nəşr etdiyi “İstiqlal” qəzetinin və müxtəlif vəsilələrlə yayınlanan bəyannamələrin müəllifi yenə də Mirzəbala olmuşdur. Cəfər Cabbarlı ilə mən bu xüsusda ona lazımi köməkliyi edirdik”.
Mətbuat sahəsində xeyli təcrübəyə malik olan Mirzəbala Məhəmmədzadə nəşriyyatın əhəmiyyətini başa düşürdü, ona görə də qısa zamanda gizli bir mətbəənin qurulmasına çalışmışdı. Nəticədə müxtəlif evlərdə fəaliyyət göstərən mətbəə qurulmuş, burada “İstiqlal vərəqəsi” və müxtəlif bəyannamələr çap olunmuşdu. Bu bəyannamələr daha çox işğalın mahiyyəti və 28 May tarixinin əhəmiyyəti ilə bağlı idi. Qəzetin 1922-ci ilin aprelindən 1923-cü ilin oktyabrınadək 18 nüsxəsi işıq üzü görmüşdü. 19-cu say çapa hazırlanarkən mətbəənin yeri aşkarlanmış, mətbəə və məhsulları müsadirə edilmişdi.
“İstiqlal” qəzeti haqqında mühacirət mətbuatında məlumatlar olsa da, indiyədək hər hansı bir nüsxəsi aşkarlanmayıb. Professor Asif Rüstəmli Mirzəbala Məhəmmədzadə haqqında yazdığı “Zirədən başlanan yol” adlı kitabında gizli Müsavatın üzvləri, onların fəaliyyəti, həbsi haqqında Dövlət Təhlükəsizlik Xidmətinin arxivinə əsasən mühüm bilgilər verib. Kitabda gizli mətbəənin hansı ünvanlarda fəaliyyət göstərməsi, texniki heyət, ehtimal olunan yazar kadrosu və sair haqqında istintaq materiallarına əsaslanan məlumatlar təqdim olunub. Həmçinin istintaq ifadələrinə əsasən “İstiqlal”da hansı materialların dərc edildiyinə dair nümunələr də göstərilib.
Şübhəsiz ki, gizli Müsavatın bu fəaliyyəti, “İstiqlal”ın keçdiyi şanlı yol bu məqaləmizin imkanları xaricindədir. Ona görə də Türkiyə dövlət arxivindən əldə etdiyimiz “İstiqlal” qəzetinin bir nüsxəsinə və gizli Müsavatın üzvlərinin həbsi ilə bağlı raportlara diqqət edəcəyik.
Türkiyənin Sovet Azərbaycanındakı səfiri Məmduh Şövkət Esendal azərbaycanlı mühacirlərin Türkiyəyə göndərilməsində, bəzi ailələrin xilasında önəmli rol oynayıb. Bu baxımdan Müsavat Firqəsinin üzvlərinin onunla bu və ya digər şəkildə təmas qurmaları mümkündü.
1923-cü ildə gizli Müsavatın üzə çıxması və üzvlərinin kütləvi şəkildə həbs edilməsi türk səfiri də narahat edib və bununla bağlı hökumətinə bir neçə raport göndərib. Məsələn, 1924-cü ilin yanvar ayına aid bir raportda həbs edilən müsavatçılardan Rahim Vəkilov, Səməd Cəmillinski və Əhməd Cavad adlı üç müsavatçının şura hökumətinə sadiq şəkildə çalışacaqlarına dair iltizam alındıqdan sonra buraxıldığı qeyd olunub.
“Yeni Kafkasya” jurnalında verilən məlumata görə, “İstiqlal”ın 19-cu sayı ələ keçirildikdən sonra onları mühakimə edənlərdən biri Bağırov olub:
“Bağırov ələ keçirilmiş qəzet nüsxələrini göstərərək soruşdu:
— Bunlar nədir?
Gənc mübariz isə çəkinmədən cavab verdi:
— Bunlar qanlı taxtınızı havaya uçuracaq bir Azərbaycan türk bombasının özüdür.
Bağırov dedi:
— Deməli, siz bir ovuc müsavatçı bizi devirməyi düşünürsünüz?
Gənc isə buna belə cavab verdi:
— Bizim də arxamızda bütün Türk dünyası dayanır.
Bu sözlərdən sonra Bağırov gənclərin soyundurularaq döyülməsini əmr etdi. Qamçının onların gənc və zərif bədənlərində dərin izlər buraxdığını görməyə insanın belə taqəti çatmazdı. Lakin həmin gənclər bir dəfə də olsun səs çıxarmadan, inildəmədən bütün işgəncələrə dözürdülər. Yalnız cəllad yorulduqdan və işgəncəyə qısa fasilə verildikdən sonra Bağırov soruşdu:
— Çürük fikirlərinizdən əl çəkəcəksinizmi?
Nəsrullah cavab verdi:
— Əgər fikirlərimiz çürük olsaydı, sizin bu vəhşiliklərinizə sinə gərə bilərdikmi? Bizə güc və dözüm verən məhz ideallarımıza və imanımıza olan möhkəm inamımızdır…
Bağırov daha sonra işgəncə otağından çıxarkən belə dedi:
— Əgər bizdə də ideallarına bu qədər səmimi bağlı olan belə gənclər olsaydı, bu gün bütün Şərqə hakim olardıq. Hayıf ki…”
“İstiqlal vərəqəsi”ndəki materiallar
Türkiyə dövlət arxivindən “İstiqlal vərəqəsi” qəzetinin nüsxəsini tapdıqdan sonra cəmi iki səhifədən ibarət olan bu orqanı transliterasiya etməsi üçün bu sahədə yüksək peşəkarlığa malik olan türkoloq Azad Ağaoğluya müraciət etdim. Azad bəy həmkarı Mehdi Gəncəli ilə birlikdə “Azərbaycan” qəzetini hazırladığı üçün vaxtının az olmasına baxmayaraq böyük lütfkarlıq göstərərək bu xahişimizi müsbət qarşıladı və bu nüsxəni, eləcə də gizli mətbəədə basılan 28 Mayla bağlı bəyannamənin mətnlərini transliterasiya etdi. “İstiqlal”ın bu nüsxəsini Azad bəylə birlikdə geniş izahlarla tezliklə kitab şəklində çap edəcəyimiz üçün 22 iyul Mətbuat Gününə özəl olaraq bəzi qismləri təqdim edirik.
Mühacirətdə və araşdırmalarda daha çox “İstiqlal” kimi verilən “İstiqlal vərəqəsi”nin əldə etdiyimiz nüsxəsi 1922-ci ilin avqust ayına aiddir. Birinci səhifənin başında “Yaşasın Azǝrbaycan istiqlalı, rǝdd olsun rus hakimiyyǝti” şüarı verilib. Səhifənin sonunda isə yazılıb: “Milli istiqlalımızı qǝbul etmǝyǝn hankı dövlǝt olursa-olsun, bizǝ düşmǝndir”. Həmçinin Ziya Gökalpın məşhur misrası qeyd olunub: “Vǝtǝn nǝ Türkiyǝdir türklǝrǝ, nǝ Türküstan. Vǝtǝn böyük vǝ müǝbbǝd bir ölkǝdir – Turan”.
Nüsxədə “Siyasi əhval”, “Bolşeviklərin vəhşəti”, “Muğan məsələsi ətrafında”, “Daxili xəbərlər” başlıqlı məqalələr verilib.

Nüsxədəki “Siyasi əhval” adlı yazını təqdim edirik:
Siyasi əhval
Bu günün mühüm siyasi hadisǝlǝri bunlardır:
Rusiya Şura Cümhuriyyǝti ilǝ İngiltǝrǝ ayrıca olaraq sazişǝ girmǝk istǝyorlar. Bu xüsusda aralarında, alınan mǝlumata görǝ, gizli danışıqlar gediyor. İngiltǝrǝnin mǝqsǝdi – Bakı neftinǝ malik olmaqdır. Şu Bakı nefti mǝsǝlǝsi, demǝk olur ki, bu gün cahanın ǝn böyük vǝ ǝn ciddi mǝsǝlǝlǝri sırasına daxil olmuşdur. Bir cǝhǝtdǝn Amerika şirkǝti “Standart Oil”, digǝr tǝrǝfdǝn İngiltǝrǝ “Şell” vǝ “Anqlo-Persian Oil” şirkǝtlǝri Bakı mǝdǝnlǝrini almaq üçün yek-digǝri ilǝ rǝqabǝt ediyorlar. Daha ǝvvǝl fransız bankları bǝzi mǝdǝnlǝri vǝ Rusiyanın bir taqım sǝrvǝt mǝnbǝlǝrini almışlardır. Cenevrǝ vǝ Lahey (Haaqa) Konfransında Fransanın bu qǝdǝr haqqi-tǝsǝrrüfi-şǝxsi (xüsusi mülkiyyǝt hüququ) üzǝrinǝ israr etmǝsi bundan nǝşǝt edirdi (bundan irǝli gǝlirdi). Fransa vǝ Amerika hökumǝtlǝri haqqi-tǝsǝrrüfi-şǝxsini Rusiyaya qǝbul etdirmǝk(l)ǝ, ǝskidǝn bǝri malik olduqları vǝ yenidǝn almış olduqları sǝrvǝt mǝnbǝlǝrini büsbütün ǝldǝ etmǝk istǝyorlar, Rusiya nümayǝndǝsi Litvinov isǝ qǝti tǝminat veriyor ki, Rusiya ǝlli il sǝnayenin yüksǝlmǝsini bǝklǝmǝk mǝcburiyyǝtindǝ qalsa belǝ, haqqi-tǝsǝrrüfi-şǝxsini qǝbul etmǝyǝcǝk vǝ millilǝşdirilmiş kargahları sahiblǝrinǝ qaytarmayacaqdır.
İştǝ, borclarla bǝrabǝr bu mǝsǝlǝdir ki, Fransa vǝ Amerikanı Rusiyaya qǝti vǝ daimi düşmǝn etmişdir. İngiltǝrǝnin yolu isǝ bam-başqadır. O, Rusiyanın ǝlilǝ Bakı neftinǝ malik olmaq istǝyor. Lahey Konfransının dağılmasına kǝndi nümayǝndǝsi olan Lloyd-Qrimin vasitǝsilǝ ciddi yardım göstǝrdikdǝn sonra, İngiltǝrǝ Rusiya ilǝ ayrıca olaraq danışığa girişmişdir. Şu yaxın zamanda İranı ǝski çar dövründǝ olduğu kimi Rusiya ilǝ nüfuz mǝntǝqǝsinǝ tǝqsim edǝrsǝ (bölǝrsǝ), İranın bir qismi Rusiyanın, digǝr qismi İngiltǝrǝnin nüfuzu altında olacaqdır. Rusiyanın bu gün Ənzǝliyǝ yenidǝn hǝrbi gǝmilǝri göndǝrmǝsi buna bir tǝqdimdir (hazırlıqdır). Rusiyanın İngiltǝrǝ ilǝ olan bu düzǝlişmǝsi Anadolu ǝfkari-ümumiyyǝsini (ictimaiyyǝtini) hǝyǝcana gǝtirmişdir. Mustafa Kamal paşa Böyük Millǝt Mǝclisindǝ diyor ki: Bu düzǝlişmǝ ehtimalı olarsa, bizi Şǝrqdǝn yeni bir tǝhlükǝ bǝklǝyor.
İştǝ, görüyorsunuz, ǝziz mǝslǝkdaşlarımız!
“Şǝrqi xilas edǝcǝyiz!” iğfalatı [qǝflǝtǝ salan yalanları] ilǝ Azǝrbaycana soxulan xainlǝr, bu gün İngiltǝrǝni Şǝrqin qalan hissǝsinǝ dǝxi hakim etmǝk istǝyorlar. Kǝndi mövqelǝrini qüvvǝtlǝndirmǝk vǝ kǝndi ömürlǝrini uzatmaq üçün kommunistlǝr, Şura Rusiya cahangirlǝri [imperialistlǝri] Azǝrbaycan vǝ bütün Zaqafqaziya xalqının taleyini müzayidǝ tǝriqilǝ [hǝrrac yoluyla] cahan sǝrvǝtdarlarına satıyorlar. Fǝqǝt Azǝrbaycan vǝ Zaqafqaziya xalqı isbat edǝcǝkdirlǝr ki, onun razılığı olmadan kimsǝ Bakı neftinǝ ǝl uzadammayacaqdır. Azǝrbaycan türk xalqı, vǝtǝnini Rusiyanın ǝlindǝn qurtarmaq istǝrkǝn, düşmǝnlǝri ilǝ ǝlbir olub onun ǝsarǝtini uzatmaq istǝyǝn bütün qüvvǝtlǝrǝ qarşı dǝxi qǝhrǝmanlıqla mübarizǝ edǝcǝkdir. Bu yolda bütün mǝdǝniyyǝt dünyasının hüsn-tǝvǝccöhü (rǝğbǝti), Fransa vǝ Amerikanın İngiltǝrǝyǝ qarşı olan müxalifǝt vǝ rǝqabǝti vǝ bilaxirǝ (ǝn nǝhayǝt) kǝndi dönmǝk bilmǝyǝn ǝzmi, tükǝnmǝk bilmǝyǝn qeyrǝt vǝ ciddiyyǝti ona böyük bir zǝhirdir (arxadır, dayaqdır).
Bakı nefti, Azǝrbaycan türk xalqının damarlarından axan qızıl atǝşin qanıdır. Ona qǝsb ǝlini uzadanlar, azǝrilǝrin atǝşi- intiqamı (intiqam atǝşi) içrǝ mǝhv olub gecǝdǝklǝrdir./teleqraf














