İran və Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın iclası Bakıda başlayıb.
Gündəm24.az APA-ya istinadən xəbər verir ki, bu barədə İranın Yol və Şəhərsalma Nazirliyinin Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri Əmin Tarfaa bildirib.
Onun sözlərinə görə, iclas çərçivəsində nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, sərhəd infrastrukturunun tamamlanması və mədəni qarşılıqlı əlaqələrin genişləndirilməsi əsas müzakirə mövzularıdır.
Bildirilib ki, tərəflər ikitərəfli əməkdaşlığın bütün istiqamətlərini müzakirə edəcək, həmçinin gələn ilə qədər iki ölkə arasında həyata keçirilməsi və inkişaf etdirilməsi nəzərdə tutulan planlar və imkanlar ətrafında fikir mübadiləsi aparacaqlar.
Qeyd olunub ki, iclasın yekununda əldə ediləcək razılaşmalar iki ölkənin komissiya rəhbərləri tərəfindən anlaşma memorandumu formasında imzalanacaq.
“İran və Azərbaycan arasında həm dəmir yolu, həm də avtomobil yolu sektorlarında sərhəd infrastrukturu inkişaf etdirilir və təkmilləşdirilir. Bu proses ticarət mübadiləsinin asanlaşdırılmasında mühüm rol oynaya bilər”, – Əmin Tarfaa əlavə edib.














