Bakının küçələri gecələr sakitləşəndə şəhərin işıqları altında insanların çoxunun görmədiyi başqa bir həyat başlayır. Əllərində əlcək, torba, bəzən də sadəcə bir kisə…Onlar zibil qablarını eşələyir, plastik və alüminium qablar, dəmir, metal və satılması mümkün olan digər əşyaları axtarırlar. Tapdıqlarını toplayıb çəkisinə görə təhvil verir, qazandıqları pulla isə çörək, kirayə və gündəlik ehtiyaclarını qarşılamağa çalışırlar.
Musavat.com-un əməkdaşı Bakıda zibillikdən yığdıqlarıyla dolananların ikisi ilə qarşılaşıb.
Onlar zibil qablarından müxtəlif materiallar toplayan qadınlardır. Adlarını açıqlamaq istəmədilər. Amma həyatlarından danışdılar.
Həmsöhbətlərimizdən biri 59 yaşındadır. Deyir ki, əvvəllər müxtəlif işlərdə çalışıb. Xadiməlik edib, aşpaz işləyib.
“Bacarmadığım iş yoxdur”, – deyə bildirir. İndi isə bütün gününü zibil qablarının arasında keçirir.
O deyir ki, bu işə hər gün səhər tezdən başlayır. Onun “səhəri” isə əksər insanlar üçün hələ gecə sayılır:
“Gecə saat 3-dən dururam. Axşama qədər, hətta saat 6-ya qədər işləyirəm”.
Topladığı materialları hər gün satmır. Çünki az miqdarda material üçün alıcı tapmaq çətindir. Buna görə günlərlə yığır, sonra təhvil verir.

Qazancı isə sabit deyil:
“Qiymət oynayır, düşür, qalxır. Mən nə bilim, ay qızım… Evimin pulu çıxsın, çörək pulum çıxsın…” Bu cümlədən sonra susur.
Sanki qazancının məbləğini deməyə ehtiyac yoxdur. Çünki onun üçün söhbət böyük puldan getmir. Söhbət sadəcə yaşamaqdan gedir. Həmsöhbətim kirayədə yaşayır. İki övladı var. Övladlarının artıq böyük olduğunu deyir. Amma onun sözlərinə görə, uşaqları işləmir. Ailəni ancaq zibillikdən yığdıqları ilə dolandırır. Həyat yoldaşı onları illər əvvəl tərk edib.
O, səhhətində yaranan problemlərdən də danışır. Hər şeyin pandemiya dövründə başladığını deyir. Sözlərinə görə, vaksinasiyadan sonra vəziyyəti ağırlaşıb:
“Vaksin vurulandan sonra mən bir ay yemək yeyə bilmədim. Ağzım yara tökdü, dırnaqlarım töküldü, ayağımı yara basdı… 79 kilodan 40 kiloya kimi arıqladım”.
Həmsöhbətim həmin dövrdən sonra əvvəlki iş həyatına qayıda bilmədiyini deyir: “İşə yararsızam. Əlim tutmur, keyiyir, şişir”.
Amma işləməlidir, çünki kirayə, çörək gözləmir. Həyat isə dayanmaq bilmir.
“Qışda zülümdür. Ayağım həmişə göynəyir deyə hər istəyəndə gələ bilmirəm. Ayağımda qan pis dövr edir. Hər an mikrobla, infeksiya ilə xəstələnə bilərəm. Məni Allah saxlayır”.
O deyir ki, bu işlə məşğul olanların sayı az deyil. Əksinə, onun sözlərinə görə, Bakının müxtəlif ərazilərində eyni mənzərə ilə qarşılaşmaq mümkündür.

“Həddən artıq çoxdur. Bütün zibillikləri gəzsən, görərsən ki, hamı zibillikdə eşələnir. Hətta bəzən tapılan zibilin özünün də “sahibi” olur. Zibilxana üstündə dalaşırlar. Yəni bir zibil qabının ətrafında belə rəqabət var. Kim daha tez gəldi, kim daha çox topladı, kim hansı ərazini özünə götürdü”.
Bu insanların həyatında qazanc üçün mübarizə artıq zibil qablarının yanında başlayır. Həmsöhbətim deyir ki, zibil toplayanların arasında kişilər də çoxdur. Onun sözlərinə görə, bəzi kişilər gündüz görünməməyə çalışır, gecə işləyirlər:
“Cavan olanlar maska taxıb zibili gecələr yığırlar. Bəlkə də gündüz insanların baxışlarından çəkinirlər. İstəyərəm ki, qazandığımla heç olmasa ev pulunu verə bilim”.
Bir vaxtlar müxtəlif işlərdə çalışmış, ailəsini öz əməyi ilə dolandırmış 59 yaşlı qadının arzusu budur. Nə bahalı ev istəyir, nə böyük maşın. Sadəcə kirayəsini ödəmək və çörək pulunu çıxarmaq istəyir.
Bakının küçələrində insanlar işə gedərkən, o, zibil qablarına tərəf gedir. Şəhərin bir tərəfində süfrələr açılır, digər tərəfində isə həmin süfrələrdən atılanların içində başqa bir süfrənin ümidi axtarılır.
Həmsöhbətim məndən uzaqlaşıb zibil qablarının yanına qayıdır.
Yenə saat 3-də oyanacaq. Şəhər hələ yatarkən, o, artıq öz ruzisini axtarmağa başlayacaq.













