Volodin Fransa və Britaniya tərəfindən Ukraynaya nüvə silahı tədarükünün cinayət olacağını vurğulayaraq, bunun qəbuledilməz olduğunu bildirib.
Gündəm24.az The Times qəzetinə istinadən xəbər verir ki, Rusiya parlamentinin aşağı palatası olan Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Fransa və Böyük Britaniya parlamentlərini Ukraynanı nüvə silahı ilə silahlandırmağı təklif edən şəxslərlə bağlı araşdırma başlatmağa çağırıb.
Duma Mətbuat Xidmətinin açıqlamasına görə, Volodin belə addımların nüvə müharibəsinə səbəb ola biləcək cinayət olduğunu və qəbuledilməz sayıldığını bildirib. O, Paris və Londonun Kiyevi nüvə silahı və çatdırılma sistemləri ilə təchiz etməyə hazırlaşdığına dair məlumatların təcili reaksiya tələb etdiyini vurğulayıb və bununla bağlı parlament araşdırması təşəbbüsünün irəli sürülməsini təklif edib.
Bundan əvvəl Rusiya Xarici Kəşfiyyat Xidməti Böyük Britaniya və Fransanın Kiyevə nüvə və ya “çirkli bomba” xarakterli silahlar təqdim etməyi planlaşdırdığı barədə iddialar səsləndirmişdi.
Ukrayna siyasətçilərinin əvvəlki bəyanatları da müzakirələri alovlandırıb. 2021-ci ildə David Arahamiya nüvə silahından imtinanın səhv olduğunu demiş, 2022-ci ilin fevralında Vladimir Zelenski Münhen Təhlükəsizlik Konfransında bu qərara yenidən baxıla biləcəyini bildirmişdi. Sonrakı illərdə müxtəlif ukraynalı və britaniyalı siyasətçilər tərəfindən nüvə silahı və ya təhlükəsizlik zəmanəti kimi onun yerləşdirilməsi ilə bağlı təkliflər səsləndirilib.
Sədaqət Həsənova













