İran Kənd Təsərrüfatı Nazirliyi ölkədə ərzaq qiymətlərinin sabitliyini qorumaq məqsədilə və hazırki şəraitdə bir sıra məhsulların ixracını dayandırıb. Qadağa yumurta, pomidor və xurma kimi məhsulları əhatə edir və müddəti qeyri-müəyyən olaraq göstərilib. Ötən gün isə kartofun ixracına da məhdudiyyət qoyulmuşdu. İran Gömrük Administrasiyası bu qərarı rəsmi şəkildə açıqlayıb.
Bu tip qlobal ixrac məhdudiyyətləri qida zəncirinə və istehsalçıların planlaşdırmasına necə təsir edə bilər?
Bu qadağaların Azərbaycanda qiymət artımına və ya ərzaq çatışmazlığına səbəb olma ehtimalı nə qədərdir?
İxrac qadağası məhsulların yerli bazarda qiymətini stabil saxlayacaq ya bahalaşmaya, səbəb olacaq?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən qida elmi üzrə mütəxəssis-ekspert Ağa Salamov bildirib ki, qida zəncirinə təsiri, mövsümdənkənar meyvə-tərəvəzin idxalından asılı qalan ölkələrdən biriyik.

Ağa Salamovun sözlərinə görə, bizdə yerli parniklərdə yetişdirilən pomidor rus bazarlarına hətta baha qiymətə gedir. Amma bununla yanaşı, ixrac edən ölkə olsaq da, idxaldan asılı qalırıq. Çünki daxili bazarı da təmin etmək lazımdır.
“Burada İran təbii ki, 1-ci yer tutur. Hansıki İran pomidoru Azərbaycana yeni daxil olmuşdu. Son bir-iki həftə idi ki, İran pomidoru gəlirdi. Ancaq indi həmin pomidorlar var və baha qiymətə gəlməklə, məhdud saydadır”, — deyə qida mütəxəsisi vurğulayıb.
Qiymət məsələsinə toxunan Ağa Salamov deyib:
“Eyni zamanda, yerli pomidorlar da onunla bərabər qiymət artımı baxımından inflyasiyaya uğrayır. Bu da mövsümi xarakter daşıyır. Mövsümü gələndə qiymətlər aşağı enə bilər”.
“Yumurta, pomidor, kartofu Azərbaycan istehsal etdiyinə görə, daxili bazarda stabilliyi saxlamaq mümkündür. Amma qeyri-mövsümi olan pomidorda idxaldan asılı vəziyyətdə qalırıq. Bir-iki ay da müharibə davam etsə, təbii ki, qiymət artımı qaçılmazdır. Qiymətdə 40-50 qəpik artım hiss olunur. Türk portağalı İran portağalından hər zaman baha olub. Bu gün İrandan gələn portağalın topdan satış qiyməti 1.40-1.50 AZN idisə, artıq bazarda 1.90 AZN-ə görürük. Bu cür davam edərsə, qiymət artımı durmadan yüksələcək”, — deyə ekspert qeyd edib.
“Mən tövsiyə edərdim ki, Rusiya bazarına gedən pomidorların bir az qarşısı kəsilsin. Biz də ixracı bir müddət dayandırsaq yaxşı olar” — deyə Ağa Salamov sonda təklif edib.














