Ərdoğan Trampa İranla bağlı üçtərəfli sammit təklif edib və qəzetlər yazır ki, ABŞ lideri bu təklifə müsbət yanaşır.
Gündəm24.az Türkiyənin hökumətyönlü ” Hürriyet” qəzetinə istinadla xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampa İranla bağlı üçtərəfli sammit keçirmək təklifi ilə müraciət edib.
Ərdoğan 27 yanvar Trampla telefon danışığında İranla üçtərəfli zirvə təşkil etməyi təklif edib və Trampın buna müsbət yanaşdığı bildirilir. Türkiyə lideri videobağlantı vasitəsilə ABŞ, İran və Türkiyənin iştirakı ilə görüşün keçirilməsini arzulayıb. İranın xarici işlər naziri Abbas Arağç bu həftənin sonlarında Türkiyəyə səfər edərək Hakan Fidanla danışıqlar aparacaq, konkret tarix açıqlanmayıb. Yanvarın 28-də Türkiyə və İranın yüksək vəzifəli diplomatları telefon danışığı zamanı bölgədəki gərginliyin azaldılması səylərini müzakirə ediblər. Ərdoğanın müşaviri Akif Çağatay Kılıç bildirib ki, Ankara İran ətrafındakı vəziyyətin diplomatik yolla həllinə ümid edir və xarici müdaxilənin heç bir müsbət nəticəsi olmayacağını vurğulayıb. İranda dekabrın 29-da rialın kəskin düşməsi ilə başlayan etirazlar genişlənib, 40 hüquq-mühafizə əməkdaşı həyatını itirib və nümayişlərdə silahlı terrorçuların peyda olduğu bildirilib; hakimiyyət ABŞ və İsraili iğtişaşların təşkilində günahlandırır.
Sədaqət Həsənova













