Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Malazgirt zəfərinin ildönümü ilə bağlı çıxışı zamanı işlətdiyi “atımızın quyruğunu bağladıq” ifadəsi gündəmə çevrilib.
Gündəm24.az xəbər verir ki, Muşun Malazgirt rayonunda keçirilən anım mərasimində çıxış edən Ərdoğan “Türk Əsri” və “terrorsuz Türkiyə” hədəflərindən danışaraq, bu məqsədlərə çatmaqda qətiyyətli olduqlarını vurğulayıb.
Prezident çıxışında qədim türk ənənəsinə istinad edərək deyib:
“Bir millət olaraq bizim çox qədim bir ənənəmiz var. Bir səfərə çıxanda, bir vəzifəni yerinə yetirəndə atımızın quyruğunu bağlayırıq. Bunu nə olursa-olsun geri dönməyəcəyimizi, sonuna qədər gedəcəyimizi göstərmək üçün edirik. Biz də Türk Əsrini qurmaq üçün atımızın quyruğunu bağladıq”.
Ərdoğan əlavə edib ki, Türkiyənin “terrorsuz Türkiyə və terrorsuz bölgə” məqsədinə çatmaq üçün bu qətiyyət davam etdiriləcək.
“Atın quyruğunu bağlamaq” nə deməkdir?
“Atın quyruğunu bağlamaq” türk hərbi mədəniyyətində həm praktiki, həm də simvolik məna daşıyan qədim ənənələrdən biri kimi təqdim olunur.
Praktiki baxımdan atın quyruğundakı tüklərin kollara və digər maneələrə ilişməsinin qarşısını almaq üçün quyruğun bağlandığı bildirilir.
Simvolik olaraq isə bu ifadə mübarizədən geri dönməmək, sona qədər mübarizə aparmaq və ölüm bahasına olsa belə qarşıya qoyulan məqsəddən dönməmək mənasını daşıyır.
Ənənənin kökləri qədim türk tarixində
Bu ənənənin izlərinin qədim türk mənbələrinə qədər gedib çıxdığı bildirilir. Mahmud Kaşğarinin “Divanü Lüğat-it-Türk” əsərində də atın quyruğunun bağlanması igidlik və qəhrəmanlıqla əlaqələndirilir.
Ənənə ilə bağlı nümunələrdən biri isə 1071-ci ildə Sultan Alp Arslanın Malazgirt döyüşündən əvvəlki hazırlıqları ilə bağlıdır. Tarixi rəvayətlərə görə, Alp Arslan döyüş öncəsi atının quyruğunu bağlayaraq geri dönüşün olmadığını nümayiş etdirib.
Bu ənənənin daha qədim köklərinin Orxon yazılarında da əksini tapdığı qeyd olunur.
Beləliklə, Ərdoğanın çıxışında işlətdiyi “atımızın quyruğunu bağladıq” ifadəsi sadəcə tarixi bir deyim deyil, qətiyyət, geri addım atmamaq və məqsədə sona qədər bağlı qalmaq mesajı kimi təqdim olunub.













