Milli Şuranın üzvü və keçmiş deputat Gültəkin Hacıbəyli barəsində Türkiyədən deportasiya olunması ilə bağlı qərar qəbul edilib.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu məlumatı Gültəkin Hacıbəyli şəxsi sosial şəbəkə hesabında paylaşıb. Onun sözlərinə görə, bu gün ona Türkiyəyə girişinə 5 il müddətinə qadağa qoyulması barədə rəsmi sənəd təqdim olunub.
Hacıbəyli bildirib ki, noyabrın 29-da Türkiyə ərazisində saxlanılaraq Arnavutköy Miqrasiya Mərkəzinə yerləşdirilib. Üç gün əvvəl isə həmin mərkəzdən çıxarılaraq Çatalca Miqrasiya Mərkəzinə köçürülüb.
Qeyd edək ki, mediada Gültəkin Hacıbəyli və Milli Şuranın digər üzvü, AXCP sədri Əli Kərimlinin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət çevrilişinə cəhd planında yer aldıqları barədə məlumatlar yayılıb.
Bu çərçivədə noyabrın 29-da Əli Kərimli və AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimli Dövlət Təhlükəsizliyi Xidmətində dindirilib. Daha sonra onların yaşadıqları ünvanlarda axtarış aparılıb və hər iki şəxs DTX-ya aparılıb.
Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1-ci maddəsi (hakimiyyəti zorla ələ keçirmə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) üzrə ittiham irəli sürülüb. Axtarış və dindirilmələrin Ramiz Mehdiyev barəsində DTX-da aparılan cinayət işi ilə əlaqəli olduğu bildirilib.
Dekabrın 1-də Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin təqdimatına baxılıb və məhkəmənin qərarı ilə Əli Kərimli barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1-ci (dövlət hakimiyyətini zorla ələ keçirməyə yönələn əməllər), 274-cü (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunur.













