İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiyə” mərkəzi qərargahının rəsmisi İbrahim Zülfiqari Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) hərbi əməliyyatlarla hədələyən kəskin bəyanatla çıxış edib. Tehran rəsmisi BƏƏ-nin xarici siyasət kursunu tənqid atəşinə tutub.
NOCOMMENT.az xəbər verir ki, İbrahim Zülfiqari rəsmi Əbu-Dabinin son addımlarının regionda ciddi geosiyasi nəticələrə səbəb olacağını bildirib: “BƏƏ-nin son dövrlərdə İrana qarşı yönəlmiş fəaliyyətləri bu ölkəni regionun ərəb dövlətləri arasında tam təcrid olunmuş vəziyyətə salmaqla yanaşı, həm də onları gələcəkdə baş verə biləcək hər hansı bir münaqişədə “bir nömrəli əməliyyat hədəfi”nə çevirib”.
Tehranın bu xəbərdarlığı regionda onsuz da gərgin olan vəziyyəti daha da alovlandırıb. Hərbi ekspertlər İran tərəfinin bu bəyanatını BƏƏ-nin Qərb dövlətləri və digər regional güclərlə hərbi-siyasi əməkdaşlığı gücləndirməsinə cavab reaksiyası kimi qiymətləndirirlər. BƏƏ rəhbərliyi hələlik bu hədələrə rəsmi reaksiya verməyib.













