İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf Donald Trampın “sadəcə öz iradəsini başqalarına qəbul etdirmək istədiyini” vurğuladı.
Gündəm24.az xəbər verir ki, CNN-in məlumatına görə, İran Parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf bildirib ki, Vaşinqton potensial razılaşma üzrə dialoqa həqiqətən hazırdırsa, Tehran ABŞ administrasiyası ilə danışıqlara açıqdır.
O əlavə edib ki, “Əgər bunlar beynəlxalq qaydalar çərçivəsində razılığa gəlmək üçün aparılan həqiqi danışıqlardırsa, bəli. Amma ABŞ prezidentinin [Donald Trampın] istədiyi danışıqlar bu deyil. O, sadəcə öz iradəsini başqalarına qəbul etdirmək istəyir”.
“Mənim fikrimcə, əgər Tramp həqiqətən dürüstdürsə, sülh axtarırsa və Nobel Sülh Mükafatına layiq görülmək istəyirsə, o, əsl sülhə doğru getməlidir və ilk addımları müharibəni qızışdıranlardan və İranın təslim olmasını istəyənlərdən azad olmaq olmalıdır”, – deyə o bildirib. “Bəlkə də cənab Tramp müharibəyə başlaya bilər, amma sonu idarə edə bilmir. Evlərindən minlərlə kilometr uzaqda [Yaxın Şərqə] yerləşdirilən minlərlə Amerika əsgəri mütləq zərər görəcək ki, bu da yaxşı hal deyil”.
Daha əvvəl İranın Ali Liderinin müşaviri Əli Şamxani bildirib ki, Tehran ABŞ-ın istənilən təcavüzkar hərəkətlərini tammiqyaslı müharibənin başlanğıcı kimi qiymətləndirəcək və İranın cavabı ilə bağlı xəbərdarlıq edib.
Sədaqət Həsənova













