Ermənistanın Baş naziri Nikol Paşinyanın son bəyanatları və Rusiya mətbuatında yer alan təhlillər göstərir ki, regionun nəqliyyat xəritəsini dəyişdirəcək TRIPP (Tramp Marşrutu) layihəsi ciddi sual altındadır.
Rusiyanın “Moskovskiy komsomelts” nəşri qeyd edir ki, əgər ABŞ Yaxın Şərqdə strateji geriçəkilmə yaşayarsa, Vaşinqton bu layihənin icrasında əvvəlki marağını itirə bilər. Sünik (Zəngəzur) ərazisindən keçəcək 42 kilometrlik bu dəhliz barədə razılaşma 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunmuş və ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Bakı və İrəvana səfərləri zamanı bir daha təsdiqlənmişdi. Lakin Paşinyan son brifinqində bildirib ki, Yaxın Şərqdəki gərginlik səbəbindən TRIPP hazırda ABŞ administrasiyasının prioritetləri sırasında deyil və bu, tikintinin başlanmasını gecikdirə bilər.
NOCOMMENT.az-a məsələni şərh edən siyasi şərhçi Vasif Həsənli bildirib ki, TRIPP layihəsi təkcə iqtisadi deyil, həm də ABŞ-nin regiondakı geosiyasi mövcudluğunun mühüm sütunlarından biridir. Ekspertin fikrincə, Paşinyanın ehtiyatlı bəyanatları Ermənistanın bölgədəki yeni hərbi reallıqlardan çəkindiyini göstərir.
Vasif Həsənli qeyd edib ki, İran ətrafında alovlanan müharibə və hərbi əməliyyatların genişlənməsi layihənin həm fiziki təhlükəsizliyini, həm də maliyyə təminatını sual altına qoyur. ABŞ-ın diqqətinin tamamilə birbaşa hərbi toqquşmalara yönəlməsi, Cənubi Qafqazdakı nəqliyyat dəhlizlərinə ayrılan siyasi enerjini azaldır: “Rusiya nəşrinin analizi müəyyən dərəcədə reallığı əks etdirir: əgər Tramp administrasiyası Yaxın Şərq bataqlığında ilişib qalsa, Cənubi Qafqazda vəd etdiyi iqtisadi zəmanətləri yerinə yetirməyə resursu çatmayacaq. Azərbaycan tərəfi öz infrastruktur işlərini sürətlə tamamlasa da, Ermənistan ərazisindəki hissə birbaşa Vaşinqtonun dəstəyindən asılıdır. Vasitəçinin zəifləməsi isə razılaşmaların icrasını iflic edir. Əgər regional müharibə coğrafiyası daralmasa, biz “Tramp Marşrutu”nun reallaşmasının qeyri-müəyyən müddətə dondurulduğunun şahidi ola bilərik”.














