İsraildə parlament seçkiləri keçirilir.
Baş nazir Benyamin Netanyahunun hakimiyyətdə qalıb-qalmayacağı, yaxud müxalifətin üstünlük qazanacağı əsas müzakirə mövzularından birinə çevrilib.
Seçkilərin nəticələrinin yalnız İsrailin daxili siyasətinə deyil, bütövlükdə Yaxın Şərqdəki proseslərə də təsir göstərəcəyi gözlənilir.
Bəs Netanyahu hakimiyyətini qoruyub saxlaya biləcəkmi? Müxalifətin qələbəsi İsrailin xarici siyasətində hansı dəyişikliklərə səbəb ola bilər?
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova AZXEBER.COM-a açıqlamasında bildirib ki, seçkilərin nəticələri İsrailin gələcək siyasi kursu baxımından mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, İsraildə mövcud seçki sistemi hökumətin formalaşdırılmasında koalisiyaların rolunu artırır:
“İsrail parlamenti olan Knesset 120 deputatdan ibarətdir. Ölkədə proporsional seçki sistemi tətbiq olunur və seçicilər partiya siyahılarına səs verirlər.
Parlamentə daxil olmaq üçün minimum 3,25 faiz səs toplamaq tələb olunur. İndiyədək heç bir partiya təkbaşına 61 mandat qazana bilmədiyindən hökumətlər koalisiya əsasında formalaşdırılıb”.
Politoloq qeyd edib ki, seçki mübarizəsinin əsas simaları arasında Benyamin Netanyahu və İsrail ordusunun keçmiş Baş Qərargah rəisi Qadi Ayzenkot xüsusi yer tutur:
“Netanyahu İsrail tarixində ən uzun müddət baş nazir vəzifəsini icra etmiş siyasətçidir. O, ilk dəfə 1996-cı ildə hakimiyyətə gəlib, 2009-cu ildə yenidən hökumətə rəhbərlik edib, 2022-ci ilin dekabrında isə baş nazir postuna qayıdıb. Lakin hazırkı seçki mühiti əvvəlkilərdən ciddi şəkildə fərqlənir.
Xüsusilə 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumu və bununla bağlı hökumətin məsuliyyəti məsələsi siyasi müzakirələrin əsas mövzularındandır”.
Ş.Həsənova bildirib ki, Netanyahuya qarşı irəli sürülən korrupsiya, dələduzluq və etimaddan sui-istifadə ittihamları da siyasi proseslərə təsir edən amillərdəndir:
“Bu ittihamlarla bağlı məhkəmə prosesləri davam edir. Netanyahu isə ittihamları qəbul etmir. Digər tərəfdən, seçki sorğularından birində Qadi Ayzenkotun baş nazir vəzifəsinə daha uyğun namizəd olduğunu düşünənlərin payı 44 faiz, Netanyahuya dəstək verənlərin payı isə 38 faiz təşkil edib. Bununla belə, sorğuların nəticələrini seçkilərin yekun nəticəsi kimi qiymətləndirmək düzgün olmaz”.
Ekspertin fikrincə, seçici fəallığı da seçkilərin nəticələrinə ciddi təsir göstərə bilər:
“İsrail mətbuatında yayılan məlumatlara əsasən, əvvəlki seçkilərdə fəallığı ilə seçilən sağçı və ultraortodoksal seçicilər arasında müəyyən məyusluq müşahidə olunur. Bunun nəticələrə necə təsir edəcəyini isə yalnız səsvermədən sonra müəyyənləşdirmək mümkün olacaq”.
Politoloq vurğulayıb ki, müxalifət hakimiyyətə gəlsə belə, İsrailin xarici siyasətində köklü dəyişikliklərin baş verəcəyi gözlənilmir:
“Düşünürəm ki, hətta müxalifət qalib gəlsə belə, İsrailin xarici siyasətində fundamental dəyişikliklər olmayacaq. HƏMAS-ın zəiflədilməsi, ‘Hizbullah’ın tərksilah edilməsi və İranla bağlı təhlükəsizlik məsələləri ölkənin əsas prioritetləri sırasında qalacaq. Eyni zamanda ABŞ-la strateji tərəfdaşlığın qorunması və Vaşinqtonla koordinasiyanın davam etdirilməsi İsrailin xarici siyasətinin əsas istiqamətlərindən biri olacaq”.














