Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) əməkdaşları Kiyevin cənubundakı Konça-Zaspa qəsəbəsində yerləşən “Oktyabr” sanatoriyasına silahlı basqın ediblər.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Ukrayna Pravda” ölkənin təhlükəsizlik strukturlarındakı mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, dekabrın 3-də GUR əməkdaşları sanatoriyanın ərazisinə daxil olaraq darvazaları söküb, hasarı dağıdıblar.
İddialara əsasən, onlar havaya və yerə atəş açıblar, daha sonra isə 10 hərbçini qısa müddətlik saxlayıblar. Məlumata görə, həmin şəxslər daha sonra azad edilib və GUR əməkdaşları sanatoriya ərazisində barrikada qurublar.
Hadisə yerinə polis əməkdaşları, Ukrayna Hərbi Hüquq-Mühafizə Xidmətinin Baş İdarəsi, Kiyev vilayətinin hərbi komendantı, Dövlət Təhqiqatlar Bürosunun nümayəndələri və Ukrayna Silahlı Qüvvələri komandanlığının nümayəndələri, o cümlədən Aleksandr Sırski gəlib.














