“Cənab prezidentimiz bu yaxınlarda “Azərbaycan mədəniyyəti – 2040” konsepsiyasını imzaladı. Bu konsepsiya bütövlükdə mədəniyyətimiz üçün çox böyük bir proqramdır. Orada hər şey nəzərdə tutulub.
Bu gün bir çox kitabxanaların qapısı açıq olsa da, ora gələn yoxdur. Gələn-gedən yoxdursa, deməli bağlı kimi bir şeydir. “Azərbaycan mədəniyyəti – 2040” konsepsiyası bu problemləri aradan qaldıracaq. Kitabxanalar təkcə kitab alıb, kitab verən yer olmamalıdır. Mütəhərrik bir orqanizm kimi fəaliyyət göstərməli, oxucunun tələbatına uyğun işləməlidir. İnformasiya texnologiyalarının yaratdığı imkanlardan istifadə edən yeni kitabxana sisteminə ehtiyac var”.
Bu fikirləri “Bakupost TV”də jurnalist Bəxtiyar Əlirzayevin aparıcısı olduğu “Əslində” verilişinin qonağı, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov səsləndirib.
Professorun sözlərinə görə, birinci problem kadr və şəraitlə bağlıdır:
“Çox təəssüflər olsun ki, bu saat kəndlərimizdə kifayət qədər köhnə kadrlar var. Artıq Mədəniyyət Nazirliyinin struktur və müəssisələrində optimallaşma gedir. Milli Kitabxananın özündə də optimallaşma var. Biz artıq son 3 ildə 12 cür elektron xidmət göstəririk. Bunun nəticəsi olaraq son 3 ildə 80-90 ştatı ixtisar etmişik və bu davam edir. Kəndlərdə də bu olacaq. Sözsüz ki, müasir dövrün tələbləri ilə uyğunlaşmayan kitabxanalar və kitabxanaçılar aradan çıxacaq”.
Kərim Tahirovun fikrincə, şəbəkə strukturu optimallaşacaq və məhz böyük kəndlərdə mədəniyyət mərkəzləri yaranacaq:
“ Artıq bunun layihələri, eskizləri hazırlanır. Bu gün kitabxanalar mədəniyyət mərkəzinə çevrilməlidir. Gələn adam hər cür şəraitlə təmin olunmalıdır. Onun dərnəyi də, musiqisi də, kinosu da ,böyük zalı da olmalıdır, işgüzar görüşlər keçirilməlidiir. Bu gün şairlər, yazıçılar kəndlərə getməli, sakinlərlə görüşməlidir. İndi kəndlərdə bunun üçün yer tapmırlar”.
Professor bildirib ki, artıq fundamental, düşünülmüş bir sistemin yaradılmasına başlanılıb:
“Mədəniyyət Nazirliyi il yarım bundan əvvəl mərkəzlərin eskizlərini hazırlamışdı. Təbii ki, o konsepsiyanın layihəsini də Mədəniyyət Nazirliyi işləyərək təqdim edib. Camaat elə bilir ki, bu kitabxanaların hamısını bağlayacaqlar . Xeyr. Sadəcə bir kənddə 4 kitabxana olmayacaq. Bütöv bir mərkəz yaradılacaq, orda da insanların istifadəsi üçün bütün şərait yaradılacaq”.














