Azərbaycanda müəllimlərin işə qəbulu qaydalarının dəyişdirilməsi ilə bağlı müzakirələr davam edir. Səsləndirilən təkliflərdən biri də pedaqoji ixtisas üzrə təhsil alan tələbələrin universitetin son kursunda verdikləri yekun imtahanın nəticələrinə əsasən birbaşa işlə təmin olunmasıdır.
Bəs bu modelin tətbiqi realdırmı?
Gündəm24.az bildirir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, nəzəri baxımdan belə bir mexanizmin tətbiqi mümkündür.

Onun sözlərinə görə, pedaqoji ixtisas üzrə təhsil alan tələbələr universitetin son kursunda yekun imtahan verərkən həmin nəticələr əsasında birbaşa işlə təmin oluna bilərlər. Lakin bunun üçün ilk növbədə şəffaf və obyektiv qiymətləndirmə, eləcə də ciddi nəzarət mexanizmi formalaşdırılmalıdır.
Ekspert hesab edir ki, hazırkı şəraitdə bu sistemin tətbiqi müəyyən problemlər yaradacaq:
“Bu qaydanı tətbiq etsək, universitetlərdə vəziyyət qarışa bilər. Cəmiyyətimiz hələ bu proseslərə tam hazır deyil. Daha əvvəl fərqlənmə diplomu ilə birbaşa işə qəbul imkanları var idi. Həmin dövrdə bir çox tələbə fərqlənmə diplomu almağa çalışırdı. Təəssüf ki, bəzən buna nail olmaq üçün pul və ya tanışlıq amili rol oynayırdı. Buna görə də cəmiyyətin bu modelə hazır olduğunu düşünmürəm.”
Elçin Əfəndi qeyd edib ki, gələcəkdə şəffaflıq və obyektivlik tam təmin olunarsa, müəllimlərin əlavə imtahan verməsinə ehtiyac qalmaya bilər.
“Yaxşı oxuyan tələbə ümumi akademik göstəricilərinə əsasən müvafiq sahə üzrə işlə təmin oluna bilər. Ancaq yaxın illərdə bunun tətbiqini real hesab etmirəm”, – deyə ekspert vurğulayıb.














