ABŞ Rusiya vətəndaşlarına insani və ləyaqətli münasibət göstərməli və onların vətənlərinə tez qayıtmalarına maneə yaratmamalıdır.
Gündəm24.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Moskva Vaşinqtonu qanunun aliliyinə riayət etməyə və “Marinera” neft tankerinə qarşı qanunsuz hərəkətləri dərhal dayandırmağa çağırır. Nazirliyin açıqlamasında bildirilib ki, ABŞ beynəlxalq dəniz naviqasiyasının fundamental norma və prinsiplərinə əməl etməli, açıq dənizlərdə qanuna uyğun fəaliyyət göstərən “Marinera” və digər gəmilərə qarşı bütün qanunsuz addımlara son qoymalıdır.
XİN vurğulayıb ki, ABŞ tanker heyətini təşkil edən Rusiya vətəndaşlarına qarşı insani və ləyaqətli rəftarın təmin edilməsini, onların hüquq və mənafelərinə ciddi şəkildə riayət olunmasını, eləcə də vətənlərinə tez bir zamanda qayıtmalarına heç bir maneə yaradılmamasını tələb edir.
Nazirlik ABŞ ordusunun neft tankerinə qarşı güc tətbiq etməsindən ciddi narahatlıq ifadə edib. Qeyd olunub ki, 24 dekabr tarixində beynəlxalq hüquqa və Rusiya qanunvericiliyinə uyğun olaraq Rusiya bayrağı altında üzmək üçün müvəqqəti icazə alan “Marinera” gəmisi Şimali Atlantikada beynəlxalq sularda dinc şəkildə tranzit həyata keçirərək Rusiyanın limanlarından birinə doğru hərəkət edib. Bildirilib ki, ABŞ hökuməti dəfələrlə, o cümlədən Rusiya Xarici İşlər Nazirliyi tərəfindən gəminin Rusiya mənşəli olması və mülki statusu barədə etibarlı məlumatlandırılıb. Tankerin “bayraqsız” və ya “saxta bayraq altında” üzməsi ilə bağlı iddialar üçün heç bir əsasın olmadığı və ABŞ tərəfinin buna şübhə edə bilməyəcəyi vurğulanıb.
XİN-in açıqlamasında qeyd edilib ki, Rusiya bu hərəkətlərə razılıq verməyib və əksinə, son bir neçə həftə ərzində ABŞ Sahil Mühafizəsi gəmisi tərəfindən “Marinera”nın təqib edilməsi ilə bağlı Vaşinqtona rəsmi etirazlar göndərib. Moskva bu fəaliyyətlərin dərhal dayandırılmasını və Rusiya gəmisinin kapitanına qarşı irəli sürülən qanunsuz tələblərin geri götürülməsini tələb edib.
Nazirlik bildirib ki, ABŞ hərbi qulluqçularının açıq dənizdə mülki gəmiyə minməsi, onu faktiki olaraq ələ keçirməsi və heyət üzvlərini saxlaması beynəlxalq dəniz hüququnun və naviqasiya azadlığının əsas prinsip və normalarının kobud şəkildə pozulması kimi qiymətləndirilir.
Rusiya XİN ABŞ-ın milli “sanksiya qanunvericiliyinə” istinadlarını da əsassız hesab edir. Açıqlamada vurğulanıb ki, ABŞ-ın və digər Qərb ölkələrinin birtərəfli məhdudlaşdırıcı tədbirləri qanunsuzdur və açıq dənizlərdə gəmilərin ələ keçirilməsinə hüquqi əsas yarada bilməz. Nazirlik bəzi ABŞ rəsmilərinin “Marinera” tankerinin ələ keçirilməsini Vaşinqtonun Venesuelanın təbii sərvətləri üzərində nəzarəti gücləndirməyə yönəlmiş daha geniş strategiyanın tərkib hissəsi kimi təqdim etməsini kinayəli yanaşma adlandıraraq, bu cür neokolonialist meylləri qətiyyətlə rədd etdiyini bəyan edib.
Sədaqət Həsənova














