Azərbaycan, Gürcüstan və Türkiyənin xüsusi təyinatlı bölmələrinin iştirakı ilə Tbilisi yaxınlığındakı Muxrovani hərbi bazasında keçirilən “Qafqaz Qartalı – 2026” birgə taktiki-xüsusi təlimi başa çatıb.
Gündəm24.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təlimin bağlanış mərasimində iştirakçı ölkələrdən yüksək səviyyəli qonaqlar iştirak ediblər.
Çıxış edənlər təlimin uğurla başa çatması münasibətilə iştirakçıları təbrik edib, hər üç ölkənin xüsusi təyinatlı bölmələrinin birgə fəaliyyətlərindən məmnunluqlarını bildiriblər.
Təlimin ölkələrimiz arasında təhlükəsizlik və müdafiə sahəsində regional əməkdaşlığın, eləcə də bölmələrin döyüş hazırlığının yüksəldilməsi baxımından xüsusi əhəmiyyətə malik olduğu bildirilib.
Təlim zamanı xüsusi təyinatlılar şərti hədəfə basqın, yarımqruplar tərkibində binanın təmizlənməsi, mühəndis partlayışlarının həyata keçirilməsi, helikopterlərdən desant endirilməsi, şərti düşmənin zərərsizləşdirilməsi və digər epizodlar üzrə tapşırıqları yerinə yetiriblər.













