Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin növbəti günü yekunlaşıb.
İmtahanın ikinci gününün birinci seansında Mil-Muğan regionu üzrə qeydə alınan ən yüksək nəticə 59 bal olub.
Gündəm24.az “Azərbaycan müəllimi”nə istinadla xəbər verir ki, region üzrə sertifikasiya imtahanı Beyləqan şəhəri Fərman Hacıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil edilib. İmtahanda ən yüksək nəticəni 59 balla Sabirabad şəhəri Nizami Gəncəvi adına 5 nömrəli tam orta məktəbin təsviri incəsənət müəllimi Səbinə Qasımova göstərib.
Səbinə Qasımova bildirib ki, imtahana əsasən fərdi şəkildə hazırlaşıb: “Vaxt tapdıqca özüm hazırlaşırdım və biliklərimi təkmilləşdirməyə çalışırdım”.
O, imtahan prosesinin şəffaf təşkil olunduğunu vurğulayaraq, təşkilatçılara təşəkkürünü ifadə edib: “İmtahan prosesi çox şəffaf keçdi. MÜTDA-ya təşəkkürlərimi bildirirəm”.
Müəllimin sözlərinə görə, test tapşırıqları müxtəlif çətinlik səviyyələrini əhatə edib: “Suallar səviyyələr üzrə tərtib olunmuşdu. Həm asan, həm orta, həm də düşündürücü suallar var idi”.
S.Qasımova sertifikasiya imtahanında iştirak edəcək müəllimlərə daha çox mütaliə etməyi və hazırlığa ciddi yanaşmağı tövsiyə edib: “İmtahan verəcək müəllimlərə çox oxumağı və hazırlıq prosesinə məsuliyyətlə yanaşmağı tövsiyə edirəm”.
O, sertifikatlaşdırmanın müəllimlərin peşəkar inkişafında mühüm rol oynadığını da qeyd edib: “Sertifikasiyanın müəllimlər üçün əsas faydası onların daim öz üzərlərində işləməsi, ixtisaslarının bütün incəliklərini öyrənməsi və peşəkar bacarıqlarını inkişaf etdirməsidir”.














