Bakıda 114B nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda təhlükəli anlar yaşanıb.
Bakupost.az-a müraciət edən sərnişin bildirir, “20 Yanvar” dairəsindən hərəkətə başlayan avtobusda texniki nasazlıq yaranıb. Sürücü bu barədə dispetçerə məlumat versə də, ona hərəkəti davam etdirmək tapşırılıb:
“Sürücü “20 yanvar”da dispetçerə dedi ki, bu maşında problem var, düzgün baxılmadı, yola verdilər. Dispetçer isə “Eybi yoxdur, get sonra baxarıq” dedi”.
Sərnişinin sözlərinə görə, avtobus “Grandlife” şadlıq sarayı istiqamətində hərəkətdə olarkən qəza şəraiti yaranıb. Belə ki, nəqliyyat vasitəsi qəfil tüstülənməyə başlayıb:
“Çox qorxduq. Bir qadın yıxıldı, avtobusun dəmirlərindən biri sındı. Sürücü isə avtobusu çətinliklə dayandıra bildi”.
Şikayətçi vurğulayır ki, sözügedən marşrut xəttində həftə ərzində bir neçə dəfə oxşar hallar yaşanır.
Məsələ ilə bağlı AYNA -dan Bakupost.az-ın sorğusuna bildirildi ki, 114B nömrəli marşrutun daşıyıcısına xəttin nizamlı fəaliyyətinin təmin edilməsi, avtobusların saz vəziyyətdə saxlanılması, avtobus parkının yenilənməsi ilə bağlı tədbirlərin görülməsi ilə bağlı xəbərdarlıq edilib:
“Daşıyıcı tərəfindən tədbir görülməyəcəyi təqdirdə, marşrut müsabiqəyə çıxarılacaq”.
















