Globalinfo.az-a danışan ehtiyatda olan türkiyəli general, sabiq hərbi attaşe Yücel Karauz bildirib ki, Türkiyə və Azərbaycan rəsmiləri ərazilərinə, xüsusilə də Azərbaycanın Naxçıvan bölgəsindəki mülki obyektlərə qarşı edilən hücumlara lazımi cavabları verib:
“İrandan Naxçıvana və Türkiyəyə yönəlmiş hücumların mənbəyini dəqiqləşdirmək mümkündür. Bu, hərbi baza, sivil ərazi və ya konkret bina ola bilər. Dövlətlər siyasi və hərbi fəaliyyətlərini beynəlxalq qanunlara uyğun həyata keçirir. Hücumlara cavab isə yalnız hərbi deyil, iqtisadi, siyasi və ya digər sahələrdə də mümkündür. Azərbaycanın verəcəyi qərarlar buna əsaslanacaq. Türkiyə və Azərbaycan lazım gəldikdə misli ilə cavab verəcək”.

Yücel Karauz
Yücel Karauz qeyd edib ki, burada əsas diqqət Şuşa Bəyannaməsinə yönəlməlidir:
“Bəyannaməyə əsasən, bir ölkənin ərazisinə edilən hücum, digər ölkəyə qarşı edilmiş hücum kimi dəyərləndirilə bilər. Bu məsələ gündəmdədir. Azərbaycan və Türkiyənin hava məkanındakı təhdidləri ortaq qiymətləndirərək problemləri birgə həll etməsi mümkündür. İranın isə indiki durumda düşmənçilik mövqeyi sərgiləməsi və iki ölkənin ərazisinə hücum təşkil etməsi qəbuledilməzdir. Bu, müharibədə edilə biləcək ən böyük səhvlərdən biridir. Əgər hadisə koordinasiyasızlıqdan baş veribsə, bu, ayrıca müzakirə mövzusudur. Siyasi və hərbi sistemlər hazır vəziyyətdədir və lazım gəldikdə uyğun addım atılacaq. İran isə kiminlə oynadığının fərqində deyil”.
Xatırladaq ki, Şuşa Bəyannaməsi 15 iyun 2021-ci ildə imzalanıb. Bəyannamə Azərbaycan və Türkiyə arasında münasibətləri strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə qaldıran əsas siyasi sənədlərdən biridir.













