İranın Naxçıvan istiqamətində dron zərbəsi endirməsi təsadüfi seçilmiş hədəf deyil. Molla rejimi yaxşı bilir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru əlaqəsi yoxdur və bu əlaqəni əsasən hava nəqliyyatı təmin edir.
Gündəm24.az Bakupost.az-a istinadən xəbər verir ki, bu səbəbdən Naxçıvan Hava Limanını hədəf almaqla Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsini zəiflətmək və ya tam kəsmək məqsədi güdülə bilər. Hava limanı regionun strateji infrastrukturlarından biridir və mülki əhalinin hərəkəti, eləcə də logistika baxımından mühüm rol oynayır.
Bu taktika region üçün yeni deyil. 1990-cı illərdə Ermənistan da eyni strategiyadan istifadə edərək Naxçıvanın blokadasını dərinləşdirməyə çalışmışdı. Həmin dövrdə kommunikasiya xətlərinin bağlanması və nəqliyyat imkanlarının məhdudlaşdırılması Naxçıvanın təcridini gücləndirməyə yönəlmişdi.
Bu baxımdan Naxçıvan Hava Limanına zərbə cəhdi yalnız hərbi deyil, həm də strateji və psixoloji təzyiq aləti kimi qiymətləndirilə bilər. Məqsəd Naxçıvanın Azərbaycanla əlaqələrini zəiflətmək və regionda gərginliyi artırmaqdır.














