Azərbaycan Mərkəzi Bankı (AMB) “Pashapay” MMC-ni inzibati məsuliyyətə cəlb edib.
Bu barədə Musavat.com-a AMB-dən bildirilib.
Qeyd edilib ki, Mərkəzi Bank tərəfindən 9-20 fevral 2026-cı il tarixlərində “Pashapay” MMC-də keçirilən yerində yoxlama zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə qanunvericiliyin bir sıra tələblərinin pozulması halları müəyyən edilib.
Aşkarlanmış pozuntularla bağlı şirkət İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinə əsasən hüquqi şəxs qismində 50 min manat məbləğində cərimə olunub. Bununla belə, AMB pozuntunun hansı konkret prosedurla bağlı olduğunu (məsələn, müştərinin tanınması, risk qiymətləndirilməsi, daxili nəzarət sistemi və s.) açıqlamayıb.
Qeyd edək ki, “PashaPay” MMC 2022-ci ildə yaradılıb və maliyyə texnologiyaları (FinTex) sahəsində fəaliyyət göstərir. Şirkət 2008-ci ildən fəaliyyət göstərən MilliÖN ödəniş sisteminin bazasında formalaşıb. Şirkətin həmçinin 2022-ci ilin iyulunda istifadəyə verilən m10 mobil tətbiqi elektron pul kisəsi kimi fəaliyyət göstərir. “PashaPay”in nizamnamə kapitalı 99,567 milyon manat təşkil edir. Qanuni təmsilçisi isə, Camal Tağıyevdir.














