Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında maraqlı bir detal da açıqlayıb.
Gündəm24.az Sfera.az-a istinadən xəbər verir ki, dövlət başçısı İran tərəfinin xahişi ilə Azərbaycanın onların diplomatlarının təxliyəsinə kömək etdiyini bildirib.
“Onu da bildirməliyəm, bu gün səhər mənə məlumat verildi ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin”,-İ.Əliyev qeyd edib.
Prezident əlavə edib ki, hətta İran tərəfi təxliyənin pulunu ödəməyə hazır olduğunu bildirsə də, Azərbaycan bunu qəbul etməyib:
“Dedim ki, lazım deyil pul. Dar gündə kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək”.













