İran Naxçıvan ərazisinə dronhücumu edib.
Milli Məclisin komitə sədri, deputat Fazil Mustafa Redaktor.az-a açıqlamasında qeyd etdi ki, Amerika və İsrailin İranda başladığı hərəkat neçə gündür davam edir və bu müddət ərzində İranın bütövlükdə qonşu dövlətlərə yönəlik strategiyasının nə qədər vahiməli olduğunu anlamaq olur:
“Özünə dost olan və ya neytral olan qonşu dövlətlərə qarşı İrandan atılan raketlər və göndərilən dronlar o dövlətlərdə də hüzuru, sükunəti pozmuş və böyük xəsarətə yol açmışdı.
İndi də İran bu arealı genişləndirərək özünə qonşu və hər halda bu proseslərdə bəlkə də ən çox loyallıq nümayiş etdirən Azərbaycanı da hədəf alıb. İran bunu o zaman etdi ki, Azərbaycan Prezidenti bir gün əvvəl İran səfirliyini ziyarət etmiş və orada bütün hallarda İranın yaşadığı faciələrə görə başsağlığı vermişdi. Bu, Azərbaycanın bir dostluq, humanizm jesti idi və onun cavabını İran bir gün keçməmiş düşmənçiliklə verdi”.
Millət vəkili vurğualdı ki, bu düşmənçilik İrana hər halda böyük bir sıxıntı gətirən bir düşmənçilikdir:
“Çünki Azərbaycan tək deyil, Azərbaycanın müttəfiqləri var və birlikdə yəqin ki, bu addımın cavabı veriləcək. Amma bütövlükdə bu həm də İranda yaşayan çoxsaylı azərbaycanlıların iradəsinə uyğun olmayan bir davranışdır. Azərbaycanlıların da kəskin etirazına səbəb olacaq. Çünki durub-durub bu qədər düşmən çevrəsində olan bir ölkə həm də qonşu olan və müəyyən dərəcədə qohumluq bağları olan bir dövlətə qarşı sərt və məsuliyyətsiz davranış sərgiləyir. Ona görə də İran dövlətinin atdığı bu addım kifayət qədər ciddi narahatedici addımdır və Azərbaycan da buna qarşı adekvat tədbirlərini görməlidir. Dünyada yaşayan azərbaycanlıların da bu istiqamətdə həmrəyliyi önəmlidir. Hər kəs artıq Azərbaycanı gözləyən təhlükə qarşısında kənətlənməlidir.
Eyni zamanda, İranın daxilində olan vətənpərvər azərbaycanlılar və irançılıq şüarı ilə zəhərlənməmiş azərbaycanlılar bu məsələdə öz pənah gördükləri, həm də ideal olaraq baxdıqları müstəqil Azərbaycan dövlətinə dəstəyini əsirgəməməlidirlər, orada öz dirənişlərini də ortaya qoymalıdırlar. Çünki bütövlükdə bu, azərbaycanlılara qarşı yönəlmiş indiyə qədər davam edən cinayətin başqa formada təzahürüdür. Ona görə də biz bu məsələdə İranın hakim dairələrinin atdığı addımı qınayırıq və hesab edirik ki, bu dostcasına olmayan, açıq düşmənçilik addımıdır. Hər halda İrandan gələn açıqlamalardan sonra məsələyə daha aydın izah gələcək. Bunu səhv və ya anlaşılmazlıq kimi qiymətləndirmək yolverilməzdir, çünki belə səhvlər bağışlanmır”.














