Azərbaycanın quru sərhədlərinin nə vaxt açılacağı ilə bağlı müzakirələr davam edir. Xüsusilə yay mövsümündə vətəndaşların ölkəyə giriş-çıxışı, turizmin inkişafı və iqtisadi fəallığın artırılması baxımından bu məsələnin yenidən gündəmə gəlməsi diqqət çəkir.
Bəs ilin sonuna qədər quru sərhədlərinin açılması real görünürmü?
Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanın quru sərhədlərinin açılması artıq zəruri addımdır.

Onun sözlərinə görə, quru sərhədlərinin bağlı qalması həm iqtisadiyyata, həm də vətəndaşların sərbəst hərəkət imkanlarına mənfi təsir göstərir.
“Azərbaycanın quru sərhədləri açılmalıdır. Bu, həm iqtisadiyyata, həm də vətəndaşların gedib-gəlişinə ziyan vurur. Yaxın gələcəkdə bununla bağlı qərarların verilməsi daha doğru olar. Quru sərhədlərinin açılması iqtisadi aktivliyi artıracaq alətlərdən, addımlardan biri olacaq”, – deyə iqtisadçı vurğulayıb.
Ekspert hesab edir ki, sərhədlərin açılması daxili bazarda canlanmaya, turizm sektorunun inkişafına, ticarət dövriyyəsinin genişlənməsinə və ümumilikdə iqtisadi fəallığın artmasına müsbət təsir göstərə bilər.













