Qərbi Azərbaycanın tarixi yaşayış məntəqələrindən biri olan Cucevan kəndi keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sonralar Barana (Noyemberyan) rayonunun ərazisində yerləşib. Hazırda Ermənistanın Tavuş vilayətinə daxil olan kənd vilayət mərkəzi İcevan şəhərindən təxminən 42 kilometr şimal-qərbdə, dəniz səviyyəsindən 1100 metr yüksəklikdə yerləşir.
Cucevan kəndi tarixi mənbələrdə Cücəvəng adı ilə də tanınır. Kəndin qədim yaşayış məntəqəsi olduğunu göstərən mühüm faktlardan biri burada XII–XIII əsrlərə aid qala divarlarının qalıqlarının mövcudluğudur. Ərazidəki qədim qəbiristanlıqda müxtəlif türk tayfalarına aid edilən qəbir daşları və qəbirüstü abidələr də qeydə alınıb.

Bəzi mənbələrdə kəndin 1873-cü ildə salındığı göstərilsə də, ərazidə aşkar edilmiş orta əsrlərə aid qala qalıqları bu məlumatın kəndin daha qədim tarixini əks etdirmədiyini göstərir. Bu abidələr Cucevanın keçmişinin daha erkən dövrlərə gedib çıxdığını təsdiqləyən tarixi izlərdəndir.
Cücəvəng toponiminin mənşəyi ilə bağlı fərqli izahlar mövcuddur. Bir izaha görə, ad Çingiz xanın böyük oğlu Cucinin adı ilə əlaqələndirilir. Digər izahda isə “cücə” sözünün “kiçik” mənası və “vəng” sözünün məbəd anlayışı ilə bağlılığı əsas götürülür. Buna görə toponimin mənşəyini qəti şəkildə müəyyənləşdirmək üçün əlavə elmi araşdırmalara ehtiyac var.
Kəndin adı sonradan Cucevan formasında işlədilib. 1995-ci il noyabrın 7-də qəbul edilmiş inzibati-ərazi bölgüsü haqqında qanuna əsasən, yaşayış məntəqəsi Tavuş vilayətinin inzibati ərazisinə daxil edilib.
Bu gün Cucevan adı Qərbi Azərbaycanın tarixi-coğrafi yaddaşında yaşayır. XII–XIII əsrlərə aid qala divarları, qədim qəbiristanlığı və müxtəlif dövrlərin izlərini daşıyan toponimi ilə bu kənd bölgənin zəngin tarixi irsinin bir parçasıdır.
Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi
Ramiz İsmayılov














