Qərbi Azərbaycanın tarixi yaşayış məntəqələrindən biri olan Gərgər kəndi keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sonralar Cəlaloğlu (Stepanavan) rayonunun ərazisində yerləşib. Kənd Gərgər çayının sahilində, dəniz səviyyəsindən təxminən 1400 metr yüksəklikdə salınmışdı. Rayon mərkəzindən təxminən 6 kilometr şimal-şərqdə yerləşirdi.
Gərgər kəndinin adı qədim türk tayfalarından biri olan qarqarların adı ilə əlaqələndirilir. Tədqiqatlarda “Gərgər” adının “Qarqar” etnoniminin fonetik variantı olduğu bildirilir. Qədim türk tayfasının adı əsasında yaranan bu toponim bölgənin tarixi-etnik yaddaşını əks etdirir.

Tarixi mənbələrdə kəndin adı “Gərgər”, “Gyargyari hay” və “Herher” formalarında qeyd olunub. 1897-ci ildə kənddə ermənilərlə yanaşı 4 azərbaycanlının da yaşadığı göstərilir. Mənbələrə əsasən, 1905–1906-cı illərdə həmin azərbaycanlılar sıxışdırılaraq kənddən çıxarılıblar.
Sonrakı dövrdə kəndin adı rəsmi sənədlərdə “Qarqar” formasında da işlədilib. 1995-ci ildən etibarən isə yaşayış məntəqəsi Ermənistanın Lori vilayətinin inzibati ərazisinə daxil edilib.
Bu gün Gərgər adı Qərbi Azərbaycanın tarixi-coğrafi yaddaşında yaşayır. Qədim qarqar türk tayfasının adını yaşadan, Gərgər çayının sahilində yerləşən bu kənd bölgənin tarixi toponimləri sırasında özünəməxsus yer tutur.
Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi
Ramiz İsmayılov














