Qərbi Azərbaycan kəndləri – Yanıqpəyə
Yanıqpəyə kəndi Qərbi Azərbaycanın tarixi Qaraqoyunlu mahalında, keçmiş Çəmbərək (Krasnoselsk) rayonu ərazisində yerləşən qədim Azərbaycan kəndlərindən biridir. Kənd Qavar (Kəvər) şəhərindən təxminən 102 kilometr şimalda, dəniz səviyyəsindən 1575 metr yüksəklikdə yerləşirdi. Tarixi xəritələrdə yaşayış məntəqəsinin adı “Yanıxqaya” kimi də qeyd olunmuşdur.

Yanıqpəyə kəndində tarixən azərbaycanlı əhali yaşamışdır. Kənd sakinləri əsasən əkinçilik, maldarlıq və heyvandarlıqla məşğul olmuş, bölgənin iqtisadi və sosial həyatında fəal iştirak etmişlər. Toponimin “yanıq” və “pəyə” sözlərinin birləşməsindən yarandığı göstərilir.

1919-cu ilin mart ayının sonlarında kənd erməni silahlı dəstələrinin hücumuna məruz qalmış, sakinlər doğma yurdlarını tərk etməyə məcbur olmuşlar. Sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan sakinlərin bir hissəsi kəndə qayıtmışdır.

1978-ci ildə kəndin adı Meşəkənd, 1991-ci ildə isə Antarameç olaraq dəyişdirilmişdir. 1988-ci ilin noyabr–dekabr aylarında Yanıqpəyənin azərbaycanlı sakinləri sonuncu dəfə doğma yurdlarından deportasiya edilmişdir. Bu gün kənd Qərbi Azərbaycanın qədim Azərbaycan yaşayış məntəqələrindən biri kimi tarixi mənbələrdə və keçmiş sakinlərinin xatirələrində yaşayır.
Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi
Ramiz İsmayılov














