Avstraliyanın Baş naziri Entoni Albanese dekabrın 14-də Bondi çimərliyində yəhudi festivalında baş verən və 15 nəfərin ölümünə səbəb olan atışmanı araşdırmaq üçün kral komissiyasının yaradılacağını açıqladı.
Gündəm24.az xəbər verir ki, Avstraliyanın Baş naziri Entoni Albanese Bondi çimərliyindəki atışmanın araşdırılması üçün kral komissiyasının yaradılacağını açıqlayıb. Komissiya antisemitizmin yayılması, təhlükəsizlik orqanlarının rolu, Bondi hücumunun təfsilatlı araşdırılması və ideoloji ekstremizmin qarşısının alınması üzrə fəaliyyət göstərəcək.
Komissiya geniş səlahiyyətlərə malikdir, şahidləri çağırmaq, dövlət sənədlərini tələb etmək və ifşaçılara hüquqi müdafiə vermək imkanı var. Ali Məhkəmənin keçmiş hakimi Virciniya Bell komissiyaya sədrlik edəcək və yekun hesabat 2026-cı ilin dekabrına qədər hazırlanacaq.
Hücumdan sonra federal və ştat hökumətləri silah qanunlarını sərtləşdirib, silah növləri və sayına məhdudiyyət qoyub, silahların geri alınması proqramını tətbiq ediblər. Albanese həmçinin nifrət nitqi qaydalarını sərtləşdirərək dini və ictimai liderlərə qarşı sanksiyalar və “ağırlaşdırıcı nifrət cinayəti” anlayışını təqdim edib.
Sədaqət Həsənova














