Tatarıstanın paytaxtı Kazan şəhərində yerləşən barıt zavodunda güclü partlayış və yanğın baş verib. Məlumat yerli hakimiyyət orqanları və mətbuat tərəfindən təsdiqlənib.
KONKRET.az xəbər verir ki, Tatarıstan rəsmilərinin yaydığı məlumata görə, hadisə texnogen xarakter daşıyır. Bildirilir ki, yanğın nəticəsində zavodun konstruksiyalarında qismən uçqun baş verib. Rəsmi açıqlamada xəsarət alanların olduğu qeyd edilsə də, onların dəqiq sayı barədə məlumat verilməyib.
Tatarıstan rəhbərinin mətbuat xidmətindən verilən açıqlamaya görə, fövqəladə hadisə zamanı zavodun təzyiq tənzimləmə sistemi işə düşüb. Hazırda hadisə yerində xüsusi komissiya fəaliyyət göstərir, partlayışın səbəbləri və şəraiti araşdırılır. Rusiya “Telegram” kanalları yerli sakinlərə istinadən zavodda güclü partlayışın baş verdiyini xəbər verirlər.
Qeyd edək ki, hadisənin Ukrayna tərəfi ilə hər hansı bağlılığına dair açıq mənbələrdə heç bir sübut yoxdur. Tatarıstan ərazisində Ukraynaya məxsus dron və ya raket hücumu barədə məlumat qeydə alınmayıb.














