“Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyanın ev dustaqlığı müddəti daha 2 ay uzadılıb. Bu barədə qərarı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi çıxarıb. Qeyd edək ki, bu gün keçirilən məhkəmə iclası 7 saata yaxın davam edib. Təkcə şahidin dindirilməsi 4 saata yaxın çəkib.

Erməni mediasının məlumatına görə, “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan məhkəmə günü Ermənistanın mövcud məhkəmə-hüquq sistemindən ədalətli qərarlar gözləmədiyini və baş nazir Nikol Paşinyanı bu sistemin vəziyyətinə görə məsuliyyət daşıdığını bildirib. Jurnalistin onun ev dustaqlığının uzadılması və bunu hakimiyyətin göstərişlərinin icrası hesab edib-etməməsi barədə sualını cavablandıran Karapetyan deyib: “Əlbəttə, biz real Ermənistanın məhkəmə-hüquq sistemi ilə qarşı-qarşıyayıq, buna görə də istənilən qərara hazır olmalıyıq”.
Bununla belə, Karapetyan tərəfdarlarının qələbəyə kökləndiyini və “ölkəmizi azad etmək” niyyətində olduqlarını bəyan edib. Jurnalist Karapetyandan Paşinyanın məhkəmə sistemini tənqid etməsi barədə də soruşub. Baş nazir onun işindəki problemlər haqqında dəfələrlə bəyanat verib və jurnalist “Güclü Ermənistan” liderinin bu barədə nə düşündüyü ilə maraqlanıb.
“Mən də narazıyam. Onlar ədalətsizdirlər, düzgün işləmirlər”, — deyə Karapetyan cavab verib.
Buna görə kimin məsuliyyət daşıdığı barədə suala o, “Paşinyan” cavabını verib.
“Nə etmək lazımdır?” — jurnalist soruşub.
“O getməlidir ki, biz normal məhkəmə-hüquq sistemi yarada bilək”, — deyə Karapetyan bəyan edib.
Elə həmin gün Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi prokurorluğun “Güclü Ermənistan” liderinin ev dustaqlığının uzadılması ilə bağlı vəsatətinə baxıb. Prokurorluq imkan tədbirinin daha üç ay uzadılmasını xahiş edib.
Beləliklə, Rusiyanın oliqarx adamı daha 2 ay həbsdə qalacaq, özü də Paşinyanın Rusiya səfəri ərəfəsində. Bu, İrəvan-Moskva münasibətlərinə nələr vəd edir?

Deputat Sahib Alıyev Musavat.com-a açıqlamasında maraqlı məqama diqqət çəkdi: “Samvel Karapetyan məsələsində biz ilk növbədə bu sualı verməliyik: 450 gündən artıqdır ki, həbsdədir. Niyə bu müddətdə istintaq yekunlaşmır, hər dəfə vaxt uzadılır? Bəli, doğrudan da onun istintaqı çox vaxt tələb edən və eyni zamanda da ciddi ittihamlara dayanan bir istintaqdır. O, doğurdan da çox vaxt aparmalıdır, amma daha bu qədər də yox. Bu, nəyi göstərir? Onu göstərir ki, Paşinyan bundan siyasi təzyiq və siyasi alver vasitəsi kimi istifadə etməyə çalışır. Biz son zamankı davranışlarından da artıq hiss edirik ki, əslində Paşinyan heç də özünü göstərmək istədiyi və və bəzən də bizdə bəzilərinin təsəvvür etdiyi adam deyil. Əslində, mahiyyətcə Paşinyan Karapetyandan çox da fərqlənmir”.
S.Alıyev qeyd etdi ki, Paşinyan da tapşırıq yerinə yetirməyə hazır olan biridir: “Amma o, sadəcə Rusiyaya təklif edir ki, izin ver, karapetyanların yerinə sənin də nökərin olum. Amma bir az sərbəst nökər olum. Digərlərinin də nökəri olum: o dövlətlərin ki, regiondakı proseslərə təsiri var. Sadəcə, “tam sənin monopoliyanda olmayım”. Ona görə də onun həbsinin uzadılmasına da siyasi təzyiq, siyasi alver və siyasi möhtəkirlik kimi yanaşıram”.














