Taker Karlson bildirib ki, ABŞ-ın Qrenlandiya planları fonunda NATO artıq bitib və “bütün illüziya son dörd gündə dağılıb”.
Gündəm24.az xəbər verir ki, ABŞ müxbiri Taker Karlson çərşənbə günü onlayn proqramında bildirib ki, ABŞ administrasiyasının Qrenlandiyanı ölkəyə daxil etmək üçün demək olar ki, bütün vasitələrdən istifadə etmək niyyəti NATO-nun sona çatdığını göstərir. Karlson, Venesuela, Rusiya və digər beynəlxalq məsələlər barədə şərhlər verərkən NATO-nun artıq “bitdiyini” vurğulayıb.
“ABŞ NATO üzvü olan digər ölkəyə məxsus Qrenlandiyanı ələ keçirdikdən sonra NATO-nu saxlamağın əsaslandırılması nə olacaq?” – deyə Karlson ritorik şəkildə soruşub. O, əlavə edib ki, “bütün illüziya son dörd gündə dağılıb” və hazırkı razılaşmaların real olmadığını hər kəs etiraf edir.
Hazırkı ABŞ prezidenti Donald Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-a qoşulmalı olduğunu bildirib və 2025-ci ilin mayında NBC News-a verdiyi müsahibədə güc tətbiqini istisna etməyib. Vitse-prezident J.D. Vance isə ABŞ hökumətinin Qrenlandiyanın sülh yolu ilə ABŞ-a qoşulmasını nəzərdə tutduğunu açıqlayıb. Lakin Ağ Ev Reuters agentliyinə verdiyi açıqlamada vurğulayıb ki, “ABŞ ordusundan istifadə həmişə baş komandanın ixtiyarındadır”.
Qrenlandiya Danimarkanın muxtar ərazisi olub, 1951-ci ildə ABŞ və Danimarka NATO müttəfiqlik öhdəliklərinə əlavə olaraq Qrenlandiya Müdafiə Sazişini imzalayıb. Müqaviləyə əsasən, ABŞ adanı mümkün təcavüzdən qorumağı öhdəsinə götürüb.
Sədaqət Həsənova














