Ermənistanda başa çatan növbədənkənar parlament seçkilərinin rəsmi nəticələri Cənubi Qafqazın geosiyasi xəritəsində mühüm bir qırılma nöqtəsinin əsasını qoydu. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvənin mütləq səs çoxluğu qazanaraq hökuməti təkbaşına qurmaq hüququ əldə etməsi, Moskvaya sığınan pro-rus, revanşist müxalifət cinahının tam iflası ilə nəticələndi. Bu seçki mənzərəsi bir daha rəsmi şəkildə nümayiş etdirdi ki, Ermənistanda Rusiyanın ənənəvi təsir dairəsi sürətlə daralır və Kremlin bu ölkədəki çoxillik nüfuzu, siyasi rıçaqları demək olar ki, sıfırlanmaq üzrədir.
Seçki qutularından gələn bu legitimlik mandatının dərhal ardınca İrəvanda genişmiqyaslı hüquqi təmizləmə əməliyyatlarına start verilib. Xocalı qatili, sabiq prezident Robert Köçəryanın ölkədən qaçmaq istəyərkən hava limanında saxlanılması və keçmiş müdafiə naziri Seyran Ohanyanın həbsi rəsmi İrəvanın Kremlin daxili şəbəkəsini tamamilə çökdürmək strategiyasının ilkin vizual təzahürüdür.
Bu gəlişmə “Rusiyanın adamları kimi tanınan digər siyasətçilər və oliqarxlar da həbs ediləcəkmi, onları hansı aqibət gözləyir” sualını aktuallaşdırıb. Eyni zamanda, siyasi təsir imkanlarını itirən Rusiyanın Ermənistana qarşı iqtisadi embarqolardan daha sərt, yəni birbaşa hərbi təzyiq alətlərinə keçə biləcəyi və vaxtilə Ukraynada icra olunan dağıdıcı işğal ssenarisinin bu ölkədə də təkrarlanma ehtimalı beynəlxalq analitika mərkəzlərində həyəcan təbili ilə qarşılanır.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq, professor Qabil Hüseynli bildirib ki, Nikol Paşinyanın bu seçki zəfəri Ermənistanın daxili siyasi mühitində Rusiyanın onilliklər boyu kök salmış “beşinci sütun”unun tam mənada dəfn olunması deməkdir:
“Köçəryanın hava limanında qandallanması və Ohanyanın həbsi daxili proseslərin sadəcə başlanğıcıdır. Paşinyan hökuməti xalqdan aldığı bu legitim güclə Rusiyanın ölkədəki dayaqlarını tamamilə qazımaq xəttini seçib. Yaxın günlərdə Rusiyadan birbaşa maliyyələşən milyarder biznesmen Samvel Karapetyanın qruplaşmasına, ‘Çiçəklənən Ermənistan’ lideri Qaqik Tsarukyana və digər pro-rus oliqarxik, hərbi elita nümayəndələrinə qarşı da dövlət çevrilişinə cəhd, korrupsiya və qanunsuz silah saxlama ittihamları ilə kütləvi həbs dalğası gözlənilir. Onları çox ağır məhkəmə prosesləri və daxili siyasi arenadan tamamilə silinmək aqibəti gözləyir. Paşinyan bu şəbəkəni neytrallaşdırmaqla həm daxili təhlükəni aradan qaldırır, həm də Azərbaycanla bu yay imzalanması gözlənilən sülh sazişi və ABŞ-ın dəstəklədiyi TRIPP layihəsi ərəfəsində Qərbə sadiqlik nümayiş etdirir”.
Professorun sözlərinə görə, Kremlin bu ağır siyasi məğlubiyyəti asanlıqla həzm etməyəcəyi birmənalıdır və Rusiyanın iqtisadi təzyiqlərdən birbaşa hərbi təhdidlərə keçməsi tamamilə real ssenaridir:
“Rusiya indiyə qədər İrəvanı qaz idxalını məhdudlaşdırmaq, ‘Yuxarı Lars’ keçid məntəqəsində erməni məhsullarına embarqo qoymaq kimi iqtisadi rıçaqlarla cəzalandırırdı. Lakin bu metodların effekt vermədiyini və Ermənistanın sərhədlərini Türkiyə vasitəsilə Qərbə açmaq ərəfəsində olduğunu görən Moskva artıq hərbi kartı masaya qoyur. Təsadüfi deyil ki, Rusiya sərhəd qoşunları Zəngəzurda, Meğri və Nrnadzor istiqamətində qəfildən hərəkətə keçərək Avropa İttifaqı müşahidəçilərini və mülki şəxsləri saxlamağa, yolları nəzarətə götürməyə başlayıb. Bu, hərbi təzyiqin ilk mərhələsidir. Rusiyanın Ermənistanda 102-ci hərbi bazası və Gümrüdə böyük kontingenti var. Əgər Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) rəsmi çıxış bəyanatını verərsə, Rusiyanın bu ölkədə Ukrayna ssenarisini təkrarlamaq ehtimalı kifayət qədər yüksəkdir. Təbii ki, bütöv bir işğal şəklində yox, Ermənistanın daxilində süni hərbi xunta iğtişaşları yaratmaq, Gümrüdəki bazanı hərəkətə keçirərək İrəvanda hərbi çevriliş təşkil etmək və ya Zəngəzur dəhlizini tanklarla fiziki olaraq bağlamaq kimi hərbi müdaxilə elementləri tətbiq oluna bilər. Region hazırda çox təhlükəli bir hərbi-siyasi fazaya daxil olur və Azərbaycan daxili sabitliyini qorumaq üçün bu hərəkətliliyi çox yaxından təhlil edir”, – deyə politoloq xəbərdarlıq edib.














