“Sumqayıt” basketbol klubunun yeni baş məşqçisi məlum olub.
Gündəm24.az xəbər verir ki, yeni mövsümdən komandanı türkiyəli mütəxəssis Uğur Özdemir çalışdıracaq.
1+1 illik müqavilə imzalayan mütəxəssis Azərbaycan basketbolu üçün tanış simadır.
Özdemir 2022-2024-cü illərdə Azərbaycan Basketbol Liqasında çıxış edən “Xırdalan”ın (hazırda “LANDAU Lions”) baş məşqçisi olub. Onun rəhbərliyi altında komanda iki dəfə çempionatın yarımfinalına yüksəlib.
Gənc mütəxəssis Türkiyədə “Türk Telekom”, “Daruşafaka”, “Çankaya Universiteti” və “Giresun” kimi klublarda da çalışıb.
Qeyd edək ki, Azərbaycan Basketbol Federasiyasının İdarə Heyətinin qərarına əsasən, 2026/2027 mövsümündə “Sumqayıt” ABL-də, “Şəki” isə ABL 2-də çıxış edəcək. Qərar klubların qeydiyyat tələblərinin qiymətləndirilməsi əsasında qəbul olunub.













