Sumqayıt məktəblisi Ramal Məmmədov dron hazırlayıb.
Gündəm24.az xəbər verir ki, Ramal Məmmədov tərəfindən 7 düymlük uzun məsafəli (LR) dron yığılıb, həmçinin dron üçün 6S lithium-ion batareya paketləri müstəqil şəkildə hazırlanıb. Hazırlanan dron üzərində test uçuşları uğurla həyata keçirilib.
Qeyd edək ki, Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbin 10 “B” sinif şagirdi Məmmədov Ramal texniki sahəyə, xüsusilə elektronikaya erkən yaşlarından böyük maraq göstərir.
Ramal Məmmədov 9-cu sinfi başa vurduqdan sonra pilotsuz uçuş aparatı (dron) hazırlanması ilə bağlı biliklərini müstəqil şəkildə inkişaf etdirməyə başlayıb. O, bu sahədə hər hansı kurs və ya əlavə təlim keçmədən, 3 ay ərzində özünü inkişaf etdirərək dron yığmağı öyrənib.
Şagirdin lehimləmə (soldering) bacarıqlarının olması və kiçik yaşlarından kompüterdən aktiv istifadə etməsi bu prosesdə ona mühüm dəstək olub. Azərbaycan dilində müvafiq mənbələrin məhdud olması səbəbindən o, materialları ingilis dilində araşdırıb və bu da onun xarici dil biliklərinin tətbiqinə şərait yaradıb.














