“Abşeron ərazisində müşahidə edilən çəyirtkələrlə bağlı vəziyyət Agentliyin tam nəzarəti altındadır”.
Gündəm24.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, son günlər Abşeron yarımadasında, xüsusən də dənizkənarı ərazilərdə çəyirtkələrin kütləvi şəkildə müşahidə edilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə məlumatlar daxil olub.
“Məsələ ilə əlaqədar Agentliyin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin əməkdaşları dərhal qeyd olunan ərazilərə cəlb olunaraq müşahidə tədbirləri həyata keçiriblər. Mütəxəssislərin rəyinə əsasən, belə təbiət hadisələrinin baş verməsi son dövrlərdə müşahidə edilən kəskin iqlim dəyişiklikləri ilə birbaşa əlaqəlidir. Qlobal və regional iqlim şəraiti dəyişdikcə, bir çox canlı orqanizmlər, o cümlədən çəyirtkələr yeni coğrafi areallara doğru kütləvi miqrasiya edirlər.
Hazırda Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən çəyirtkələrin kütləvi şəkildə yayıldığı ərazilərdə zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri intensiv şəkildə davam etdirilir. Proses tam olaraq nəzarət altındadır”. – deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, redaksiyamız Sumqayıt şəhərinin müxtəlif ərazilərində, Novxanı çimrəliyində çəyirtkələrin kütləvi şəkildə yayılması ilə bağlı xəbərlər dərc edib.













