İranın Ermənistandakı səfiri Xəlil Şirqolami regiondakı nəqliyyat kommunikasiyalarının açılması və Zəngəzur dəhlizi ilə bağlı bir sıra açıqlamalar verib.
Musavat.com xəbər verir ki, diplomat İrəvanda keçirilən konfransda Azərbaycanın Ermənistanla İran arasında Naxçıvan üzərindən dəmir yolu əlaqəsini təmin etməli olduğunu bildirib.
Şirqolaminin sözlərinə görə, Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin edilməsinə məsuliyyətlə hazır olduğunu bildirir və bunu sülh prosesinə töhfə kimi təqdim edir. İran səfiri hesab edir ki, eyni qaydada Bakı da Naxçıvan üzərindən Ermənistan-İran dəmir yolu əlaqəsinin təmin olunması üçün məsuliyyət götürməlidir.
Diplomat bildirib ki, İrəvanın Yerasx adlandırdığı Arazdəyənlə Culfa arasında dəmir yolu marşrutunun yaradılması Ermənistanın tranzit potensialını artıra və bu ölkəni Fars körfəzi-Qara dəniz nəqliyyat dəhlizinin mühüm qovşaqlarından birinə çevirə bilər.
Şirqolami Zəngəzur dəhlizi ilə bağlı İranın mövqeyinə də toxunub. Onun sözlərinə görə, Tehran Ermənistanla bu layihə ətrafında fikir mübadiləsi mexanizminin yaradılmasını təklif edir. İran tərəfi hesab edir ki, belə mexanizm mövcud narahatlıqların aradan qaldırılmasına imkan verə bilər.
Səfir bildirib ki, İran ABŞ Prezidenti Donald Tramp administrasiyasının İrana qarşı siyasətini nəzərə alaraq layihə ilə bağlı narahatlığını Ermənistan tərəfinə çatdırıb. Bununla yanaşı, o, Tehranla İrəvan arasındakı münasibətlər fonunda bu məsələlərin müzakirə yolu ilə həll oluna biləcəyini deyib.
Şirqolaminin sözlərinə görə, layihənin mexanizmləri hələ tam formalaşmayıb və bu mexanizmlər onun həyata keçirilməsi prosesi qədər əhəmiyyətlidir. Diplomat vurğulayıb ki, layihə Ermənistanın suverenliyi və ərazi bütövlüyünə xələl gətirməməlidir. O, Ermənistan hakimiyyətinin də bəzi məsələlərlə bağlı hələ kifayət qədər aydın təsəvvürə malik olmaya biləcəyini söyləyib.
İran səfiri bildirib ki, Tehran güclü, iqtisadi cəhətdən inkişaf etmiş və suveren Ermənistanın mövcudluğunu öz maraqlarına uyğun hesab edir. Onun sözlərinə görə, İran Zəngəzur dəhlizinə qarşı çıxıb və bunu Ermənistanın suverenliyinin zəifləməsi riski ilə əlaqələndirib. Diplomat əlavə edib ki, Ermənistanın ərazi bütövlüyü və suverenliyi Tehran üçün “qırmızı xətt” olaraq qalır.
Şirqolami ABŞ-nin Zəngəzur dəhlizi kontekstində Ermənistanın suverenliyi və ərazi bütövlüyünün qorunması məsələsində nə dərəcədə ardıcıl davranacağını zamanın göstərəcəyini də bildirib.
Diplomat eyni zamanda hazırda müzakirə olunan variantın Ankara və Bakının əvvəllər irəli sürdüyü məqsəd və yanaşmaları tam əks etdirmədiyini söyləyib. Onun sözlərinə görə, hazırda danışıqlar masasında olan və Ermənistan rəsmilərinin haqqında danışdığı model Ermənistanın ərazi bütövlüyü və suverenliyinin saxlanmasını nəzərdə tutur.
Şirqolami bu əsasla Zəngəzur dəhlizi məsələsinin hazırkı mərhələdə müzakirə olunmadığını və bununla bağlı problemin indilik aradan qaldırıldığını bildirib.
Musavat.com-un şərhi
İran səfirinin açıqlamasında “Ermənistanın suverenliyinin qorunması” tezisinin dəfələrlə vurğulanması ilk baxışda İrəvana diplomatik dəstək təsiri bağışlasa da, mətnin alt qatında açıq təhdid görünür. Tehran, əslində, Ermənistanın qayğısına qaldığını nümayiş etdirməklə yanaşı, ona hansı addımları ata bilməyəcəyini diktə etməyə çalışır.
Səfirin sözlərini diplomatik dildən qəzetçi dilinə çevirsək, mesaj belədir: Ermənistan Zəngəzur marşrutu üzrə ABŞ-nin iştirakı ilə İranın qəbul etmədiyi modelə razılıq verərsə, onun suverenliyi təhlükə qarşısında qala bilər. Ancaq səfirin üstüörtülü şəkildə işarə etdiyi bu təhlükənin mənbəyi ABŞ deyil, elə İranın özüdür.
Çünki bundan əvvəl də İranın ayrı-ayrı rəsmiləri, parlament üzvləri və ruhani dairələrə yaxın tanınmış şəxslər Ermənistan–İran sərhədi boyunca ABŞ şirkətinin nəzarətində olacaq nəqliyyat xəttinin yaradılmasını Tehran üçün qəbuledilməz adlandırıb, hətta İranın belə halda hərbi müdaxilə edə biləcəyini bildiriblər. Bu baxımdan Şirqolaminin açıqlaması Ermənistanın suverenliyinə verilən təminatdan daha çox, İrəvana yönəlmiş diplomatik şantaj kimi səslənir.
Digər ziddiyyət isə göz qabağındadır: İran bir tərəfdən sərhədlərin açılmasına və regional kommunikasiyaların bərpasına tərəfdar olduğunu bildirir, digər tərəfdən isə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin yaradılmasına qarşı çıxır. Bununla kifayətlənməyərək Bakıdan Naxçıvan ərazisi vasitəsilə Ermənistanın İranla dəmir yolu əlaqəsini təmin etməyi tələb edir. Yəni Tehran Azərbaycanın öz ərazisi ilə Naxçıvana çıxışını problem kimi təqdim edir, amma Ermənistan üçün Azərbaycan ərazisindən tranzit hüququ istəyir.
Bu yanaşma qarşılıqlı əməkdaşlıqdan daha çox birtərəfli imtiyaz tələbi kimi görünür. İranın mövqeyi bölgədə konstruktiv dövlətlərarası əməkdaşlığa, kommunikasiyaların qarşılıqlı fayda əsasında açılmasına xidmət etmir. Əksinə, Tehran Ermənistanın “suverenliyini qorumaq” şüarı altında İrəvanın seçim imkanlarını məhdudlaşdırmağa, Azərbaycan–Ermənistan razılaşmalarına müdaxilə etməyə və Cənubi Qafqazda öz təsir rıçaqlarını saxlamağa çalışır.













