16 mart tarixində Cəbrayıl rayonunun Horovlu kəndində Novruz şənliyi keçiriləcək.
Gündəm24.az Azturkxeber.az-a istinadən xəbər verir ki, tədbir çərçivəsində Səməni festivalı, sərgi-satış yarmarkası, milli adət-ənənələri əks etdirən təqdimatlar, Novruz personajlarının iştirakı ilə əyləncəli proqramlar təqdim olunacaq. Tədbirdə müğənnilərin, xanəndələrin, aşıqların, xor kollektivlərinin və rəqs qruplarının iştirakı ilə konsert proqramı nəzərdə tutulub. Uşaqlar üçün xüsusi zonada kukla teatrı, interaktiv oyunlar və viktorinalar keçiriləcək. Festival zamanı ustad aşpazların iştirakı ilə səməni halvasının hazırlanması üzrə master-klass, həmçinin sacda lavaş, fəsəli və kətə hazırlanacaqdır.
Novruz festivalı Şərqi Zəngəzurun zəngin mədəni irsinin və bölgənin turizm potensialının tanıdılması məqsədi daşıyır. Bayram tədbirlərində yerli istehsal məhsulları, əl işləri və milli mətbəx nümunələri də nümayiş etdiriləcək. Qeyd edək ki, yenidən qurulmuş Horovlu kəndində uzun fasilədən sonra ilk dəfə Novruz tonqalı qalanacaq.
Təşkilatçılar yurdumuzun ən sevimli bayramını Şərqi Zəngəzurda keçirmək istəyənləri Cəbrayılın həm qədim, həm də yeni Horovlu kəndinə dəvət edir.
Tədbirdə iştirak etmək istəyən qonaqlardan +99460 222 66 99 nömrəsi ilə əlaqə saxlamaqla qeydiyyatdan keçmələri xahiş olunur.














