Ötən gün Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında İran ətrafında yaranmış böhranla bağlı telefon danışığı baş tutub. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat yayıb. Onun sözlərinə görə, təxminən bir saat davam edən danışıq zamanı Vladimir Putin İran böhranının həlli ilə bağlı Moskvanın təkliflərini qarşı tərəfə çatdırıb. Peskov qeyd edib ki, hazırda bu təkliflərin detalları açıqlanmır.
Maraqlıdır, İran böhranı ilə bağlı Moskvanın təklifləri nələrdən ibarət ola bilər? Açıqlanmayan detalların hansı məqamları əhatə etməsi ehtimal olunur?
Politoloq Zaur Məmmədov Sfera.az-a açıqlamasında bildirib ki, Tramp və Putin bir-birlərinə yad deyillər.
Onun sözlərinə görə, onlar bir-birlərini çox yaxşı tanıyırlar; əgər müəyyən imkanlar olsaydı, ABŞ və Rusiya arasındakı münasibətlər indiki vəziyyətdə olmazdı:

“Tamamilə başqa cür olardı. Təsadüfi deyil ki, Rusiyada da Trampın hakimiyyətə gəlməsindən məmnun olduqlarını açıq şəkildə bəyan edirdilər. Trampın hakimiyyətə gəlməsindən sonra, faktiki olaraq, Rusiyaya Ukrayna məsələsini bu və ya digər şəkildə həll etmək üçün vaxt verildi. Sadəcə olaraq, Rusiyanın hərbi gücü Ukrayna məsələsini tam həll etməyə çatmadı. Hazırda isə növbə Rusiyadadır. ABŞ və İran arasındakı gərginlikdə işlər Vaşinqtonun istədiyi kimi getmir. Bu kontekstdə Tramp tərəfindən Putinə zəng edildi və bir çox məsələlər müzakirə olundu. İlk növbədə, hər iki liderin qarşılıqlı şəkildə bir-birinə verə biləcəyi ‘tövsiyələr’ gündəmə gəldi. İran hərbi aktivliyini davam etdirir. İranın geri çəkilməsi üçün, təbii ki, Rusiya və Çinin də bu ölkədən uzaqlaşması, müəyyən məlumatları Tehrana ötürməməsi lazımdır. Eyni zamanda, İranla hərbi-texniki əməkdaşlıq kəsilməlidir”.
Politoloq qeyd edib ki, Ukraynanın da müharibəni dayandırması, daha doğrusu “təslim olması” üçün ABŞ-nin qətiyyətli mövqeyi lazımdır:
“Göründüyü kimi, Tramp və Putin bu məsələlərdə bir-birlərinə lazımdırlar. İstisna deyil ki, məhz bu kimi məqamlar müzakirə edilib. Telefon danışığının bir saat davam etməsi onu göstərir ki, tərəflər geniş spektrli məsələləri detallı şəkildə müzakirə ediblər. Ola bilsin, mübahisə də ediblər, yaxud hər hansı ortaq yol xəritəsi çəkiblər. Bundan əvvəl ABŞ və Rusiya liderlərinin iştirakı ilə görüş baş tutmuşdu və Ukrayna ilə bağlı yol xəritəsi hazırlanmışdı, lakin Ukrayna tərəfi bunu qəbul etmədi. İndi isə növbə İran məsələsində bənzər addımı atmaqdır. İstisna deyil ki, Rusiya dialoqda vasitəçilik edərək Trampın İrandan hansı tələbləri irəli sürəcəyini müzakirə edəcək. Lakin əsas məqam İranın neft və qaz resurslarının gələcəkdə ABŞ-nin nəzarətində olub-olmamasıdır. Bunun müqabilində Rusiyanın şərtinin nədən ibarət olması isə ən maraqlı nüansdır. Telefon danışığı onu göstərir ki, Tramp Putinə müəyyən məsələlərdə etibar edir və onunla danışıqlara hazırdır”.













