İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Varşavadan Təl-Əvivə uçan sərnişin təyyarəsini müşayiət etmək üçün havaya qaldırılıb. Buna səbəb təyyarə ilə əlaqənin kəsilməsi barədə daxil olan məlumat olub.
KONKRET.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (ÇAXAL) iki qırıcının dərhal əraziyə göndərildiyini açıqlayıb. Uçuş izləmə xidmətlərinin məlumatına görə, Polşa Hava Yollarına məxsus layner gözlənilmədən marşrutunu dəyişərək Aralıq dənizi üzərinə istiqamətlənib.
İsrail tərəfi bir müddət sonra təyyarə ilə əlaqənin bərpa olunduğunu və insidentin uğurla başa çatdığını bildirib. Polşa təyyarəsinin radarları nə üçün söndürməsi hələlik məlum deyil. İlkin ehtimallara görə, buna səbəb təyyarənin Türkiyə hava məkanından keçməyi planlaşdırması ola bilər. Qeyd edək ki, Türkiyə hazırda öz hava məkanını İsrail reysləri üçün bağlayıb, bu da sərnişin təyyarəsinin marşrutunu dəyişməsinə gətirib çıxarıb.













