Son illərdə bir sıra ölkələrdə vətəndaşlara pensiya kapitalının müəyyən hissəsini pensiya yaşına çatmadan istifadə etmək imkanı verilməsi müzakirə olunur və bəzi hallarda tətbiq edilir. Bu təcrübələr fonunda Azərbaycanda da oxşar mexanizmin tətbiq olunub-olunmayacağı sualı aktuallaşır.
Belə bir addım atılarsa, bu daha çox erkən pensiyaya çıxış, yoxsa normadan artıq yığılan vəsaitin istifadəsi modeli üzərində qurula bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, Azərbaycanda formalaşmış pensiya sistemi həmrəylik prinsipinə əsaslanır.

Xalid Kərimli
Onun sözlərinə görə, bu prinsipə əsasən hazırda işləyən şəxslərin əməkhaqqından edilən ayırmalar hesabına pensiyaçıların ödənişləri maliyyələşdirilir, çatışmayan hissə isə dövlət büdcəsindən qarşılanır:
“Hazırkı sistem öz-özünü maliyyələşdirə bilmir və dövlət büdcəsinin dəstəyinə ehtiyac duyur. Bu baxımdan sistem daha çox sosial və humanist xarakter daşıyır. Hətta əvvəllər işləməyən şəxslərə belə sosial staj hədiyyə edilirdi. 2026-cı ildən etibarən isə bu güzəşt mərhələli şəkildə azaldılır.”
Ekspert qeyd edib ki, mövcud modeldə pensiya kapitalının vətəndaş tərəfindən sərbəst şəkildə istifadəsi nəzərdə tutulmur:
“Vətəndaş pensiya yaşına çatmadan vəfat edərsə, onun ailə üzvləri üçün sosial təminat mexanizmləri – məsələn, ailə başçısını itirməyə görə müavinət tətbiq olunur. Pensiyaçı vəfat etdikdə isə həyat yoldaşı daha yüksək pensiyanı seçə bilir. Yəni kapitalın birbaşa və tam ötürülməsi mexanizmi yoxdur.”
Xalid Kərimlinin fikrincə, vətəndaşların gözlədiyi kimi pensiya vəsaitinin əvvəlcədən istifadəsi yalnız özəl pensiya fondlarının yaradılmasından sonra mümkün ola bilər:
“Əgər gələcəkdə özəl pensiya fondları ilə bağlı qanunvericilik formalaşarsa, həmin fondlarda vəsait yığan şəxslər daha çevik mexanizmlərdən yararlana biləcəklər. Bu zaman vərəsəlik prinsipi də tətbiq oluna bilər və vətəndaşlar pensiya kapitalının bir hissəsindən istifadə imkanına sahib olarlar.
Hazırda dövlət sistemində pensiya kapitalı 144 aya (12 il) bölünərək vətəndaşa aylıq şəkildə ödənilir. Bu yanaşma orta ömür uzunluğu əsasında hesablanır və vətəndaşın daha uzun və ya qısa yaşamasından asılı olmayaraq eyni qaydada tətbiq edilir.”
Beləliklə, mövcud reallıqlar fonunda Azərbaycanda pensiya kapitalından erkən istifadə imkanlarının yaxın perspektivdə tətbiqi real görünmür. Lakin özəl pensiya fondlarının yaradılması və bu sahədə qanunvericiliyin formalaşması gələcəkdə daha çevik və fərdi yanaşmaların tətbiqinə şərait yarada bilər.














