Xarici işlər naziri Hakan Fidan “Türkiyə-İndoneziya Xarici İşlər və Müdafiə Nazirlərinin Birgə Görüşü”ndə çıxış etdi. Nazir Fidan Suriyanın Hələb şəhərindəki münaqişələrə toxunaraq bildirib ki, SDG 10 mart tarixli Sazişə əməl etməlidir.
Gündəm24.az xəbər verir ki, bugünkü görüşdə regional inkişafların da müzakirə olunduğu qeyd edilərək, xarici işlər naziri Hakan Fidanın çıxışının əsas məqamları açıqlanıb. Nazir bildirib ki, Yəmən, Somali, Sudan və Suriyada baş verən proseslərlə bağlı geniş fikir mübadiləsi aparılıb. Onun sözlərinə görə, bu gün Suriya Xarici İşlər Naziri Şeybani ilə də görüş keçirilib və Suriyadakı hadisələr yaxından izlənilir.
Hakan Fidan vurğulayıb ki, Suriyada ictimai asayişin bərpası olduqca vacibdir. O, eyni zamanda, Suriya Demokratik Qüvvələrinin (SDF) 10 mart tarixli razılaşmaya əməl etməsini və üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməsini gözlədiklərini bildirib.
Qeyd edək ki, 10 Mart Sazişi 2025-ci il martın 10-da Dəməşqdə Suriyanın keçid hökumətinin lideri Əhməd Şara ilə SDF komandiri Məzlum Əbdi arasında imzalanıb. ABŞ-ın vasitəçiliyi ilə əldə olunan səkkiz maddəlik çərçivə razılaşması Suriyanın ərazi bütövlüyü və birliyi prinsipinə əsaslanır və SDF-nin nəzarətində olan, xüsusilə ölkənin şimal-şərqində yerləşən ərazilərin hərbi və inzibati strukturlarının Dəməşqdəki mərkəzi hökumətə inteqrasiyasını nəzərdə tutur.
Sədaqət Həsənova














