Hakan Fidan verdiyi müsahibədə İrana hücum etməyin səhv olacağını bildirib və əlavə edib: “Amerikalı dostlarıma məsləhətim budur: İranla bağlı sənədləri bir-bir bağlayın”.
Gündəm24.az xəbər veri ki, Al Jazeera English-in məlumatına görə, Türkiyənin xarici işlər naziri Hakan Fidanla müsahibədən maraqlı məqamları paylaşıb. Nazir açıq şəkildə bildirib ki, İrana hücum etmək düzgün addım deyil və müharibəni yenidən alovlandırmaq region üçün ciddi səhv olardı. Onun sözlərinə görə, Tehran nüvə məsələsi üzrə danışıqları bərpa etməyə hazırdır və Vaşinqton üçün ən doğru yol problemləri mərhələli şəkildə həll etməkdir.
Hakan Fidan vurğulayıb ki, ABŞ İranla bağlı bütün məsələləri bir “paket”də masaya qoymamalıdır. Nazir hesab edir ki, əvvəlcə nüvə dosyesindən başlamaq, sonra isə addım-addım digər problemlərə keçmək daha real və işlək yanaşmadır. Əks halda, tələblərin hamısının birdən irəli sürülməsi İran üçün həm siyasi, həm də psixoloji baxımdan qəbulolunmaz və hətta alçaldıcı görünə bilər. Bu isə prosesi əvvəldən dalana dirəyə bilər.
Müsahibədə regional nizam məsələsinə də toxunan Fidan bildirib ki, İran istəsə, formalaşmaqda olan yeni regional düzəndə özünə yer tapa bilər. Onun fikrincə, məsələ indiki vəziyyətdən yox, İranın malik olduğu potensialdan və imkanlardan gedir. Nazir qeyd edib ki, regionda etimad mühiti formalaşmalıdır və fərqli ideologiya, rejim və baxışlara baxmayaraq, ölkələr birgə yaşamağı və əməkdaşlıq etməyi öyrənməlidirlər.
Fidanın sözlərinə görə, nə İran regiondan gedəcək, nə də digər ölkələr — buna görə də uzunmüddətli sabitlik yalnız dialoq və qarşılıqlı anlayışla mümkündür. Qeyd olunub ki, Hakan Fidanla tam müsahibə cümə axşamı Türkiyə vaxtı ilə saat 19:30-da yayımlanacaq.
Sədaqət Həsənova













